Saat yarımlıq söhbət İnsanlar həmişə yolda, izdə tanınır. Daha doğrusu, insanları daha çox onlarla eyni yola, eyni izə çıxanda tanımaq olur. Təbii ki, tam olaraq yox. Tam olaraq Tanrının özü də yaratdığı bu insanları sonadək tanıya bilməyib. Sözün düzü, bu, həmişə onun özünə sərf edən bir məqamdır. Elə bu baxımdan insanların özləri əks qütbdə dayanaraq Tanrını yaxından tanımaq üçün daima onunla təmasda olmağa çalışırlar. Bu istək onlara müyəssər olurmu? Olur. “Belələrinə” el arasında “seçilmişlər” deyirlər.
Milli Məclisin deputatlarını da elə el arasından xalqımız seçir. Seçir ki, o miilətin vəkili millətin dərd-sərini, qayğılarını, hətta sevincli anlarını onlarla birgə bölüşdürsün.
“Yol yoldaşı” layihəsinin qəzet variantını maraqlı olsun deyə, deputatlardan başlamalı olduq. Və düşündük ki, ilk anda elə seçim etməliyik ki, heç kəs inciməsin və bunun üçün deputatların soyadlarının əlifba sırasından başlamalı olduq. Seçim qadın deputatlarımızın üzərində qaldı, çünki qadınlarımızın sözləri özləri kimi daha cazibədar, daha oxunaqlı olur. Elə Milli Məclisin www.meclis.gov.az saytında “deputatlar” bölümündə ilk “A” hərfi ilə rastlaşdığımız Abbasova Lalə Gülbaba qızı oldu. Parlament müxbirimiz Elməddin Muradlının köməkliyilə onunla telefon əlaqəsi yaratdıq. Təklifimizi söylədik, layihənin bəzi detallarından danışdıq və sonda vaxt-vədəmizi aldıq. Söhbətimiz şərtə görə 14.15-də Lalə xanımın təsisçi olduğu “Qadın dünyası” qəzetinin redaksiyasında başlayıb, şəhərimizin parklarından birində 15.45-də tamamlanmalı idi.
Almaniyanı sevdiyim bir insan olaraq Şərifzadə küçəsi, 1 nömrəli ünvanda vaxtdan 10 dəqiqə tez oldum. Lalə xanım da geçikmədi. O gələnə kimi mənim əlimdə ehtiyat informasiya bazasını zənginləşdirmək üçün Milli Məclisin saytında onun haqqında qısa bioqrafik məlumat, “Qadın dünyası” qəzetinin son buraxılışı və Lalə Abbasovanın rəhbərlik etdiyi “Qadın və tərəqqi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə işıq üzü görən “İcbari nigah kontraktı – ailənizin sığortlanmasıdır” adlı kitabı və həmçinin Lalə xanımın rus dilində yazdığı “Bumeranq” hekayəsinin elektron variantı var idi. İlk baxışdan yüküm heç də yüngül deyildi və onunla danışmağa hansısa körpünü nişanlayıb başlaya bilərdim. Hə, unutdum, Lalə xanımın beş dəqiqə tez gəlməsindən istifadə edərək onun kabinetdə şəkillərini də lentin yaddaşına köçürdüm. Qəzetçiyə daha nə lazımdır? Şəkil var, söhbət üçün informasiya yetərincədir. Bircə qalır, onunla yola çıxmaq.
Bayıra çıxanda Samsing telefonumda vaxtın dəqiqliyinə baxdım. 14.15. Saat gəzdirməyi xoşlamıram. Düzdür, əvvəllər o xöşbəxtliyə nəsib olmuşdum, ancaq zaman keçdikcə hiss edirdim ki, hər dəfə saata baxdıqca əqrəblərin təsir dairəsinə düşürəm və konsentrasiyanı itirib onun cazibə qüvvəsindən çıxa bilmirəm. Və elə bu baxımdan “azadlığa” çıxmaq üçün İsveçrədən aldığım “Tissot” saatımı evin hansı “küncündə” qoyduğumu heç indi də bilmirəm. Elə yaxşı ki, bilmirəm.
Bayırda dayanan ağ rəngli “Toyota Camry” maşınına minəndə bir az məni təəccüb bürüdü. Lalə xanım niyə maşını özü idarə etmirdi, adətən müasir xanımlarımız maşın sürməkdən xüsusi zövq alırlar. Və Lalə xanım baxışlarımdan ilk verilməyən sualımın cavabını verməli oldu.
- Maşın sürməyi bacarıram, indi özüm sürmürəm.
- Nə vaxt öyrənmisiniz?
- Öyrənmisiniz, deyəndə, atamın “Volqa” markalı maşını var idi. Məktəbdə oxuyanda atam sürməyə icazə verirdi və yayda tez-tez onları dəniz qırağına aparardım.
- Yol getməyi xoşlayırsınız?
- Yol getməyi kim xoşlamır ki? Elə ömrümüzün çoxu yollarda keçir. Elə sənin proyektinin adı ilə bağlı deyə bilərəm ki, yaxşı ad seçilib. Elə mənim yol yoldaşım həmişə yolların özü olub.
- Belə çıxır ki, maşından düşməliyəm?
- Yox, niyə? Proyektlə bağlı kiminləsə yol yoldaşı olmaq olar.
- Yəqin elə mahnılarını da, hekayələrini də yollarda yazıbsınız?
- Yollarda düşünmək sanki mənim hobbimdir.
- Elə yazılarınızın sonunda “Lalə Nikbin” yazmağınız da həyata nikbin baxmağınızdan irəli gəlir?
- Çox düşünən, vizual olaraq nəyisə görmək istəyən adamlar həyatda daha çox uğur qazananlardır.
- Özünüzü uğurlu insan hesab edirsiniz.
- Uğursuz insan hesab etmirəm.
Maşın “İçərişəhər” metrostansiyasının önündə saxlayanda “Metroya minəcəyik?” sualını İçərişəhərin qala divarlarına baxaraq dedim. “Yox, niyə? Qubernator bağında gəzəcəyik. Sizə yol lazım deyil?”. Bu sözləri də Lalə xanım sürücünün arxadan siluetinə baxaraq dedi.
- İnsanlar “yol” deyəndə həmişə maşın yolunu göz önünə gətirirlər.
Ayağımız yerə dəyəndən sonra söhbətimizə beləcə iz saldım.
- Maraqlı fikirdir. Əvvəllər maşın yox idi, ancaq insan həmişə özünə yol açırdı.
- Bu bağla bağlı sizin yəqin xatırələriniz var?
- Gəl, bir az özümdən danışım. Mənim köküm həm Təbrizdən, həm də bu taydandır. Ulu babalarım Xınalıq kəndində yaşayıb. Bakıya gələndə Fətəli küçəsində qalırdım. Elə buralara yaxın bir yerdədir. Tez-tez gəzmək üçün bu bağa gələrdik. Ana tərəfdən babam vaxtilə Poluxin küçəsində yaşayıb. O, inqilabçı olub, Nəriman Nərimanovla bir yerdə çalışıblar. Heyf ki, 27 yaşında rəhmətə getdi. Astarada bir nəfər, qoy məni bağışlasın, adını unutmuşam, babam haqqında kitab yazıb.
- Sizə kimsə deyibmi ki, boy-buxununuzdan bir qubernatorluq yağır.
Lalə xanım bu sözümə gülümsəyib uzaqdan görünən Xəzər dənizinə baxdı.
- Hətta, zarafatla deyirlər ki, siz ABŞ-da yaşasaydınız, Hillari Klintonun yerinə dövlət katibi seçilə bilərdiniz. Siz özünüzdə o potensialı hiss edirsiniz?
- Potensial həmişə gücdən asılı olan bir əlamətdir. İşləmək bacarığım var. 17 yaşımdan çalışıram, qalanı isə Tanrının qismətidir. Bircə onu demək istəyirəm ki, xalqıma və Vətənimə xidmət etmək niyyətilə yaşayıram.
- Elə yaxşılıq edə-edə deputat oldunuz…
- Deputat olmaq hər şeyin sonu deyil, əksinə başlanğıcıdır.
- Başlanğıcda siz musiqi müəllimi oldunuz?
- Anketimi deyəsən, yaxşı oxuyubsunuz. Orta məktəbdə təhsil alanda paralel olaraq musiqi məktəbinə də gedirdim. Sonra qəbul imtahanından kəsiləndə uşaq baxçasında musiqi müəlliməsi işləmişəm. Sonra da Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini qiyabi qurtardım.
- Bəslədiyin mahnıları daha çox hansı müğənnilər oxuyur?
- Nisə Qasımova, Flora Kərimova, Almaz Ələsgərli və digərləri. Heydər Əliyevin xatirəsinə də mahnı bəstələmişəm.
- Bir sözlə, universal insansınız. Jurnalist, bəstəkar, deputat, qəzet sahibi, İctimai Birliyin sədri, Qərb Universitetinin müəlliməsi...
- Xaçmazda kolxozda bir il fəhlə də işləmişəm ki, hüquq fakültəsinə girəm. Özü də kələm yığırdım.
- Onda kələm dolmasını daha çox bəyənirsiniz.
- Yox, cənublu olduğuma görə ləvəngi bir nömrəli yemək növümdür.
- Lap qurman kimi danışırsınız…
- Siz elə bil adamı oxuyursunuz…
- Peşəm belədir, neyləyim. Niyə böyük bədii əsər yazmırsınız? Cəmi bir dənə hekayələr kitabınız çıxıb…
- Yox, roman mənlik deyil. Mənimki kiçik hekayələrdir. Onu da bilirsiniz, rus dilində yazıram.
- Elə qəzetiniz də ayda iki dəfə rus dilində nəşr olunur. Oxucularınız çoxdur?
- Az deyil. Bizim öz əhatə dairəmiz var. Azərbaycan qadınları haqqında rus və ingilis dillərində xüsusi ensiklopedik toplular buraxıb Azərbaycanı tanıtmaq üçün xarici məmləkətlərə göndəririk.
- Onda azərbaycanlı olmağınızla fəxr edirsiniz.
- Çox fəxr edirəm. Deyəsən, “azərbaycanlıyam” deməklə öz saytınıza və jurnalınıza işarə vurursunuz. Mən də sizin haqqınızda hansısa bilgilərə malikəm. Dünən axşam www.azerbaycanliyam.com saytına da baxmışam.
- Biz indi bu parkda gəzirik, hələ sizi tanıyan olmayıb. Populyar olmağı istəmirsiniz?
- Deputat olmağın özü elə populyarlıqdır. Sadəcə olaraq televiziya ekranlarına az çıxıram, elə Milli Məclisin iclaslarında da az-az çıxış edirəm. Təklif və rəylərimi yazılı şəkildə çatdırıram.
- Danışmaqla aranız yoxdur?
- Aram olmasaydı, sizinlə xeyli vaxtdır ki, söhbət etməzdik.
Və bu yerdə o çönüb saatın neçə olmasını soruşdu. Mən də telefonuma baxıb “hələ 15 dəqiqə var” sözünü dedim. “Onda qayıdıb metroya tərəf gedək, bir azdan maşın gələcək”. Bu sözləri də Lalə xanım dedi.
- Ailənizdən heç danışmadıq…
- Üç övladım var, 14 ildir ki, bir qadın kimi tək yaşayıram və peşman da deyiləm, hətta deyərdim ki, xöşbəxt ana və insanam. Övladlarımla fəxr edirəm.
- Milli Məclisdə ən yaxın dostunuz və bəyənmədiyiniz deputat kimdir?
- Ən yaxın dostum Elmira Axundovadır. Bəyənmədiyim yox, vücudlarından xoşum gəlməyən 3 deputat var. Adlarını deməyəcəyəm.
- Niyə onlardan xoşunuz gəlmir ki?
- Bilmirəm, gəlmir. Guya sizin hamıdan xoşunuz gəlir? Düşmənlərimizdən başqa bütün millətləri bəyənirəm və insanları necə var qəbul etməyi bacarıram.
- Hansı xarici ölkədə yaşamaq istərdiniz?
- Gözəl Azərbaycanımı heç yerə dəyişdirmərəm. Tez-tez xarici ölkələrdə işgüzar səfərlərdə oluruq, oralarda məni çəkib saxlayan heç nə yoxdur.
- Siz jurnalistsiniz, niyə məhz Milli Məclisdə Elm və Təhsil komitəsini seçibsiniz? Mədəniyyət sizə daha yaxındır…
- Ona görə ki, mənim üçün təhsildə olan problemlər hər şeydən vacibdir. Təhsil yüksək olsa, cəmiyyətdə neqativ hallar azalar.
- Onda təhsilimizdəki problemlərlərlə bağlı niyə Milli Məclisin iclaslarında çıxış etmirsiniz?
- Niyə ki. Çıxış edirəm. Hətta, gizlətməyərək deyirəm ki, təhsilimizdəki əsas problemı bəzi müəllimlərimizin savadsızlığında və tənbəlliyində görürüəm…
- Tənbəllik azərbaycanlılara xas olan xarakterdir.
Biz artıq “İçərişəhər” metrostansiyasının arxasına çatırıq. Ağ rəngli Toyota Camry maşınına minib yuxarı Milli Məclisə doğru gedirik. Teleteatrın yanına kimi heç kəs dillənmir. Sanki maşında iki yad insan oturub və söhbəti neçə acağaqlarının yollarını arayırlar. Yaxşı kı, bu sükutu sürücü pozdu: “Jurnalist qardaşımızı Şərifzadə küçəsinə aparım, maşını oradadır”.
AzTV-nin önündə Lalə xanım çönüb mənə baxdı:
- Başqa sualınız yoxdursa, gedim, iclas başlayır.
- Sağ olun, Lalə xanım. Heyf ki, vaxtımız az oldu, sizi yaxşı tanıya bilmədim.
- Bu da kifayət edər. Mən Azərbaycan qadınıyam. Bu sözün hikməti daha yaxşıdır.
- Yenə də sag olun…
55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilən Lalə xanım Abbasova ilə bir sat yarımlıq yol yoldaşlığımız beləcə sona çatdı. Onun haqında bu zaman kəsiyində nəyisə deyə bildik və nəyisə bilərəkdən qələmə almadıq.
Və redaksiyaya gəlib onun “Bumeranq” hekayəsini oxudum. Elə hekayədən də görünür ki, Lalə xanımın maraqlı maraq dünyası var.
“Könül oğlunun yatdığı otağa daxil olub, stolun üstündəki yazını oxumağa başladı. “Yaşamaq istəmirəm”.
Bu yol yoldaşı layihəsini beləcə qəmli notda qurtarmaq istəmədim, ancaq neyləyim ki, bu, Lalə Nikbinin bir yazıçı təxəyyülüdür.
Babək Göyüş








Azad insan, sən hər zaman dənizi sevəcəksən
O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…


