Gələn həftə Qarabağ razılaşması elan oluna bilər
Friday, 27 November 2009 23:26
administrator
Afinada “3+2“ formatında toplantı gözlənilir, rəsmi Bakı rayonların qaytarılması anlaşmasını təkzib etmir
Dağlıq Qarabağ münaqişəsinə dair prezidentlər arasında son danışıqlarda razılaşdırılmış məsələlər gələn həftə rəsmən elan edilə bilər. Türkiyə Xarici İşlər Nazirliyindən yayılan məlumata görə, gələn həftə Yunanıstanın paytaxtı Afinada ATƏT xarici işlər nazirlərinin illik toplantısı zamanı Qarabağa dair ilk dəfə “3+2" formatında toplantı gözlənilir.
Bu toplantıda Minsk Qrupuna həmsədrlik edən ölkələr adından ABŞ dövlət katibi Hillari Klinton, Fransa xarici işlər naziri Bernar Kuşner və Rusiya xarici işlər naziri Sergey Lavrov, habelə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan iştirak edəcək. Türkiyə XİN-in rəsmisi Burak Özügərgin deyib ki, onların məlumatına görə, belə görüş planlaşdırılır: ”Ancaq mən bu barədə dəqiq məlumat verə bilmərəm".
Gözlənilir ki, “3+2" formatında danışıqlar Afinada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüşdən sonra baş tutacaq. Xarici işlər nazirlərinin Afinada görüşəcəyi prezidentlər arasında ötən həftə sonu Almaniyanın Münhen şəhərində aparılan danışıqlardan sonra Minsk Qrupu həmsədrləri tərəfindən bəyan edilib. Həmsədrlərin dediyinə görə, prezidentlər xarici işlər nazirlərinə danışıqları davam etdirməyi tapşırıblar. Türkiyə XİN rəsmisi deyib ki, bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüşlərin olacağı da istisna deyil.
Belə məlumatlar var ki, prezidentlər arasında aparılan danışıqlar zamanı razılaşdırılmış məsələlərə dair Afinada Minsk Qrupuna həmsədrlik edən ölkələr və münaqişə tərəfləri adından birgə bəyanat qəbul edilə bilər. Həmin bəyanatda tərəflərin indiyə qədər aparılan danışıqlarda razılaşdırdıqları bəzi məsələlərin, habelə sonrakı danışıqların hansı prinsiplər əsasında aparılacağının öz əksini tapacağı gözlənilir. Ehtimallara görə, gözlənilən sənəddə tərəflərin Laçın dəhlizinə dair ümumi anlaşmaya nail olduqları da əksini tapa bilər.
Xəbər verildiyi kimi, Münhen danışıqlarından sonra həm vasitəçi həmsədrlər, həm münaqişə tərəflərinin xarici işlər nazirlikləri, həm də Kreml administrasiyası prezidentlərin “mühüm irəliləyişlər” əldə etdiyi haqda açıqlama veriblər. Bununla da Azərbaycan tərəfinin danışıqlardan çəkiləcəyi və hərbi yola əl atmaq barədə düşünəcəyi haqda Münhen görüşündən əvvəl verdiyi ultimatum qüvvədən düşmüş hesab edilə bilər. Çünki irəliləyişlərin əldə olunduğunu rəsmi Bakı da inkar etmir. Qəzetimiz isə dünənki sayına hakimiyyət düşərgəsinə yaxın mənbədən və Türkiyədəki qaynaqlardan belə məlumat əldə etmişdi ki, Münhendə əldə olunan irəliləyiş Ermənistanın bir hissəsi Azərbaycanın nəzarətində olan Ağdam və Füzuli rayonlarını boşaltmağa razılaşmasından ibarətdir. Deyilənə görə, bunun əvəzində rəsmi Bakı Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların ratifikasiyasına qarşı çıxmayacaq.
Türkiyə mətbuatı isə buna əlavə olaraq Ermənistanın ətraf rayonlardan beşindən çəkilməyə hazır olduğu haqda xəbər yayıb. Dünən bu xəbərlərə münasibət bildirən XİN rəsmisi Elxan Poluxov bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında “Hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmayıb” prinsipinə əsaslanır. O, nizamlanma prosesində Azərbaycanın mövqeyini bir daha xatırladaraq qeyd edib ki, öncə Dağlıq Qarabağ ətrafındakı ərazilər işğaldan azad edilməli, infrastruktur bərpa olunmalı, köçkünlər doğma yerlərinə qayıtmalı, Dağlıq Qarabağa müvəqqəti status verilməli, daha sonra isə yekun status müəyyənləşdirilməlidir. Türkiyə mənbələrinin iddiasına görə, Münhendə prezidentlər Dağlıq Qarabağla bağlı yekun anlaşma üçün təməl olacaq çərçivə anlaşması üzərində fikir mübadiləsi aparılıb. Dağlıq Qarabağ ətrafında Ermənistanın işğalı altında olan yeddi rayondan beşinin boşaldılması məsələsində razılığa gəlinib. Boşaldılacaq beş rayonun hansılar olacağı hələlik dəqiqləşməyib. Rəsmi İrəvan Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaradan Laçın dəhlizinin boşaldılmasının bu mərhələdə gündəmə gətirilməsinin qəti əleyhinə olduğunu bildirib. Dağlıq Qarabağın yekun statusuna dair qərarın referendum əsasında müəyyənləşməsi prinsipcə müvafiq sayılıb.
Beləliklə, məlumatlar bir çox hallarda bir-birini təkzib edir, ancaq Münhendə irəliləyiş əldə olunduğu haqda bu dəfə bütün tərəflər yekdildir. Qeyd edək ki, danışıqlardan sonra Türkiyə və Azərbaycan xarici işlər nazirləri arasında telefon söhbəti olub və Məmmədyarov türkiyəli həmkarını məlumatlandırıb. Bu cür məlumatların yayılmaqda olduğu bir vaxtda diqqət Afinada keçiriləcək “3+2" formatında toplantıya yönəlir. Ekspertlərə görə, həmsədr ölkələrin hər üçünün bir arada münaqişə tərəflərini masa arxasına dəvət etməsi məhz ondan xəbər verə bilər ki, danışıqların bu mərhələsinə yekun vurmaq və əldə olunan nəticəni rəsmiləşdirib elan etmək vaxtı çatıb.
“Yeni Müsavat” qəzeti. Siyasət şöbəsi
Azərbaycanda UZMANLAR CAM BALKON ®
Yanlara yığılan "Şüşəbənd" sistemləri - Texnologiya ilə birlikdə addımlayın
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74, iş - (+994 12) 418 82 12
NOSTALJİ
Günel Mövlud yazır Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj
Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...
Aqşin Yeniseyin yeni şeirləri Günel üçün
Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur...
Adil Mirseyid. Bayyo qobeleni
Azad insan, sən hər zaman dənizi sevəcəksənBöyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:
Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.
Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.
Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.
Cavidan Sadəcə bu…

O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…
Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa…