421 manatlıq şou...
Saturday, 05 December 2009 13:40
administrator
421 manatlıq şou...
Söyüşün biri bir qəpiyə olan barda ölümdən qurtardıq
Əvvəlcədən bilin ki, bu yazı qeyri-adi bir yazı olacaq, çünki dediklərimizin hamısı həqiqətdir. Daha mistik düşüncələrlə, fantastik elementlərlə sizi yormayacağıq. Elə isə yerinizdə möhkəm oturun ki, bizə gələn söyüşlər sizi vurub aşırmasın...
19 noyabr 2009-cu il. Saat 22.30. Redaksiyanın bu yaxınlarda qoyulmuş dəmir qapısı bağlandıqdan sonra şıdırğı yağışın sədaları altında maşınımızın mühərrikini işə salırıq. Bu dəfə Səməd Vurğunun “Komsomol” poemasından fərqli olaraq 7 yox, iki nəfərlə yola çıxırıq. Dəfələrlə sınaqdan keçirmişəm, yağış yağanda getdiyim yolun sonu həmişə bərəkətli olur, yəni sonda getdiyin yerdə xeyir tapırsan. Elə bu sınağımı də ürəyimdə təkrarlayıb yol gedirik. Müəyyən səbəblərə görə getdiyimiz yerin ünvanını və adını yazmayacağıq. Yalnız onu deyə bilərəm ki, ora şəhərin mərkəzinə yaxın yerdə, köhnə binanın altındadır. Başlığı oxumayan oxucularımız yəqin düşünə bilər ki, biz o evin zirzəmisində ya siçovul ovuna çıxmışıq, ya da axan kanalizasiya xəttini bağlamağa gedirik. Niyə də olmasın, insanlarımızın rahat, modern şəraitdə yaşaması üçün bir vətəndaş kimi bütün çətinliklərə qatlaşmağa hazırıq. Türklər demişkən, təki Vətən sağ olsun. Hələ tələsməyin, elə hesab edin ki, Hollivudun “Oskar”lı sinemalarından birinə baxırsınız. Və bizim düşündüyümüz məkana gedən yolda yaddaşımıza qəribə bir mənzərə həkk olunur. Bir anlıq, fərz edin ki, bərk yağış yağır, hətta maşının şüşətəmizləyənləri öz öhdəsindən gələ bilmir. Və “beşmərtəbə”yə tərəf qaranlıq, ara yolların birində yavaş-yavaş düşürsən aşağı. Küçədə isə təbii ki, heç kəs gözə dəymir. Birdən sol tərəfdə dayanan kamera çönüb sağa burulur və iri planda bir kadr görsənir. Sol əlində göy rəngdə vedrə tutan bir nəfər sağ əlilə qara rəngli maşın yuyur. Heç nə olmamış kimi sən də o görüntünü yaddaşına köçürüb öz yoluna davam edirsən. Kamera da o görüntü gözdən itənədək o kadrı uzaq planda saxlayır. Maşında Xəyyamın “İstanbul” mahnısını eşidə-eşidə İstanbul hava limanındakı möhtəşəmlik yadıma düşür. Elə küçələri də, yağışı da. Bir sözlə, oralarda nə varsa hər şey. Adam elə bu an istəyir ki, getdiyin səmti dəyişib arabanı sürəsən Türkiyəyə tərəf və Boğaziçindəki kafelərdən birində oturub Asma körpünün gecə mənzərələrini seyr edəsən. Bakımızın da gecəsi gözəl və işıqlıdır. Hətta, bu yaxınlarda gecələrı ən işıqlı şəhərlər sırasında olan bizim Bakımız orada 8-ci yeri tutub. Sevindiricidir. Müstəqilliyinə yenicə qoşulan, Ermənistanla müharibə şəraitində yaşayan bir məmləkətin paytaxtının qısa zaman kəsiyində belə sıçrayışa nail olması möcüzəyə bənzəyir. Elə bizim bugünkü yazımız kimi. “Forbes”in həmin yertutmasından sonra indi mətbuatımızın bütün nümayəndələri çalışır ki, vaxtaşırı olaraq qəzetlərində Bakının gecə həyatını özündə əks etdirən yazılar dərc etsinlər. Bakını yaxşı tanıyanlar isə yaxşı bilir ki, gecə həyatını yalnız bar və restoranlarda görmək olar. Bir də yenicə təmirdən çıxmış Dənizkənarı Bulvarda. Yağışlı havada isə oralara heç kəs getmir, barlara gedirlər.Deməli, məsələ aydındır. Məqsədimiz gecə barlarından reportaj hazırlamaqdır. Hətta, xərcləmək üçün redaksiyadan aldığımız pulun miqdarına görə getdiyimiz yerlərdə hər addımızı da ölçüb biçməliyik, yoxsa borclu qalıb biabır olarsan. Həmişə belə olur, insan hansısa pis əlaməti fikirləşəndə sanki başına gəlir. Elə bu yaxınlarda oxuduğum Ronda Bernin “Sirr” kitabında da yazılıb ki, mənfi emosiyalar haqqında düşünəndə o mütləq kodlaşıb sənin həyatına daxil olacaq. Elə bizim bu bar söhbətində də belə oldu. ...Həmin yeri tapmaq bir az çətin oldu. Elə bəxtimizdən düz qapının önündə bir maşınlıq parkovka yeri var idi. 22.45. Telefonumunda saatıma baxıram. Fikirləşirəm ki, burada yarım saat oturub “Torqoviy”a tərəfə gedərik, çünki dolğun material toplamaq üçün bir neçə barın bar həyatını gərək gözlərinlə görəsən. Yoxsa, yazı istədiyin kimi alınmaz. İçəri girəndə deyəsən, bizi də gözlərilə görən oldu, çünki oturmağa imkan tapmamış sinəsi xırman kimi açıq olan bir rus qızı qabağımızı kəsib “Orda oturaq” dedi. Təbii ki, biz də bu qarşılanma mərasimini çox təbii qarşıladıq və düşündük ki, bu, yəqin ofisiantdır. Qapıya tərəf olan taxta stulda oturub içərini seyr elədik. Qaranlıq məkan, yanıb sönən işıqlar, bir az həm üfunət, həm də nəm iyi verən qoxu, o tərəf bu tərəf dolaşan qarnı və beli açıq qızlar, alçaqboylu barmen, çöl qapısına söykənən iki nəfər və biz...Mənim sağımda özünü zorla ora pərçim edən ağbəniz qız oturub. Üzbəüz oturan həmkarımın yanında isə qarabəniz, arıq vücudlu, belində kəlağayı bağlanan bir qız peyda oldu. Hər ikimiz çönüb onun özələmiş sifətinə baxdıq. Başı özünü idarə edə bilmirdi, deyəsən bizim gəlişimizi bilib möhkəmcə vurmuşdu. Biz də elə bil ekizlər kimi eyni reaksiya ilə elə eyni sözləri dilimizə gətirdik:”Qızlar, biz tək oturmaq istəyirik”. “Oturun da, sizə maneçilik törətmirik”. Bu sözü mənum yanımdakı dedi. O birisinin söz demək heyi qalmamışdı. Başını söykəməyə başı boyda yer axtarırdı. Fikirləşdim ki, heç olmasa, fürsətdən istifadə edib bir-iki söz öyrənim, yoxsa, quru sözlərlə retoptajımı necə hazırlaya bilərəm. Sanki bu an o da mənim fikrimi duyurmuş kimi sözə başladı.- 30 manata çıxıram.- Burda hamının qiyməti belədir?- Deyəsən. Mən 4 aydır ki, buranın kliyentiyəm.- Rusiyadan gəlmisən?- Yox, burda doğulmuşam.- Cəmi neçə qızınız var?- Beş-altı nəfər olar. Saunadan başqa heç yerə getmirik.- Oldu.Sonra adını soruşuram. Deyir. Mən isə yenidən susuram. Və bizim tərəfdəki bu sakitlik bir dəqiqə davam edir. O, gözaltı mənə baxıb gülümsəyir: ”Danışmaqla deyəsən aran yoxdur”. Mən isə “Susmaq qızıldır” deyirəm. Bu an ağ koftalı ofisiant qız yaxınlaşıb nə sifariş edəcəyimizi soruşur. Biz yolda gələndə məsləhətləşmişdik ki, koladan başqa heç nə sifariş etməyək, yoxsa pulumuz çatmaz. “İki kola” deyirəm. “Bizə də kola gətir”. Bunu da rus qızı deyir. Mən yenidən ofisiantın qulağına deyirəm ki, biz iki koladan başqa heç nə sifariş etmirik, onların sifarişləri bizlik deyil. Və sonra çönüb qıza deyirəm ki, biz tək oturmaq istəyirik. O yenə də “yox” cavabını verir. Durub o biri zala keçirəm. İki-üç nəfərdən başqa heç kəs gözə dəymir. “Onlar da deyəsən barın “qızlarıdır”. Bu fikirlə yenidən qayıdıb yerimdə otururam. Stolun üstünə baxanda məəttəl məni bürüyür. Biz sifariş etdiyimiz koladan savayı, stolun üstündə çipsi və bir şüşə Martini var idi. Gözümlə həmkarıma himcim edirəm ki, bu nə məsələdir. O da çiynini çəkib “bilmirəm” deyir. Və mən həmin an yenidən ofisiant qızı çağırıb deyirəm ki, biz koladan başqa heç nə sifariş etməmişik. O da “mənlik deyil” deyir. “Bəs kimlikdir?” sualını verirəm. O da az qala hirslə “bu stola gətirmişəm” cavabını verir. Və yenidən stola meyvə gəlir. Mən içimi yeyib dağıdıram və gözaltı stolun üstündəkilərin qiymətini hesablayıram. İri butulkada Martini Aeroportun Dute Free-sində deyəsən, 8 manata satılır. Lap olsun, 10 manat. Kola, meyvə. Bunlar da 10 manat. Özümə təskinlik verirəm. Və stola yenidən nəzər salanda görürəm ki, ağzı açılmamış bir Martini də gətirilib. Bu hesabı ürəyimdə hesablayarkən, birdən ofisiant qız əlində hesabı gətirib stolun üstünə qoyur. Elə göydəcə 42 rəqəmini görürüəm. Ürəyim yerindən oynayır. “Pulumuz çatmayacaq”. Həmkarım isə sanki zəngin insanlar kimi hesab kağızını qaldırıb sevinclə üzünə baxır. Və bir anlıq görürəm ki, onun sifəti donub. Onun sifət donuqluğunu isə elə özünün dediyi “Nə? 421 manat” sözünü çıxarır. Və heç bir saniyə keçməmiş uzun boylu, uzun saçlı bir oğlan ikimizı də giriş qarısındakı otağa çağırır. İndi həmin otağın cizgilərini sizə deyirəm. Təmirsiz, ovalvarı bir məkan, göy rəngli çırıq divan dəsti, baş tərəfdə qoyulmuş jurnal stolu və nifrət dolu gözlərlə bizə baxan beş nəfər. Bizi dəvət edən oğlan baş tərəfdə oturur, biz isə sakit tələbələr kimi onun sol tərəfində. - Nə məsələdir?Onun ilk sualı belə olur.- Biz koladan başqa heç nə sifariş etməmişik. - Bəs, bu yazılanlar sizin stolun üstündə idi...- Onu qızlar sifariş edib...Bunu da həmkarım dedi.- Yenə deyirəm, biz bura yalnız kola içməyə gəlmişdik, qızlar da zorla oturdular, dəfələrlə dedik ki, getsinlər, getmədilər. Hətta ofisiant qıza da dedim ki, o biri sifarişlər bizlik deyil. - Bax, sizin stola podnosda bir ayaqqabı, yanında da meyvə gətirirlər. Siz onu qəbul edərsiniz?- Yox.- Bəs onda niyə sifarişləri stolunuza qəbul elədiniz?- Biz dedik ki, yalnız kola sifariş etmişik. Həm də fikirləşdik ki, yəqin sizin qızlar müştərini ələ keçirmək üçün özü üçün də bir şey sifariş edir.- Niyə durub başqa yerdə oturmadınız?- Mən durub qonşu otağa baxdım, qayıdanda gördüm ki, stolun üstündə başqa sifarişlər də var... Burdan sonra ünvanımıza edilən söyüşlərin biri bir qərik oldu. Biz də onlara söyüş söyməməyi və qarşısındakına hörmət etməyi xatırlatdıq. Sonra isə hadisələr başqa cür cərəyan elədi. Öncə hər ikimizin haradan olması öyrənildi, sonra ciblərimiz yoxlanııdı. Və təbii ki, hər ikimizin cibindən çıxan 37 manatı çağırıb barmenə verdilər. Sonra cibimdəki vizit kağızından öyrəndilər ki, bir jurnalistik və başladılar növbə-növbə söyüş söyməyə. Sakitləşəndən sonra isə indi “gözləyin, bir nəfər gələcək, pulun hamısını verəcəksiniz” dedi. Təbii ki, hadisələrin əsas baş qəhrəmanı baş tərəfdə oturan oğlan idi və ona dəstək verən isə yanında çöməlib büzüşən ağbəniz sifətli birisi idi. Sonra hardansa iricüssəli, qara sifətli bir oğlan peyda oldu. Onun söyüşlərinin sayı-hesabı isə saya gəlmədi. Mən də elə hamısına xatırlatdım ki, biz azərbaycanlıyıq və bu bir parça kağızdan ötrü gəlin bir-birimizə hörmət edək. “Nə hörmət, indi əlimdəkini başına vuraram”. Bunu kimin dediyini isə artıq xatırlamıram. İndi o səhnəni gözünüz önünə gətirin. On nəfərə yaxın iri cüssəli insan iki nəfər jurnalisti baxça uşağı kimi danlayır. Və sənə ünvanlanan ifadələrin isə konkret olaraq hansı mənbədən gəldiyi bilinmir.Hadisələrin belə gərgin olduğunu görən həmkarım bir-ki nəfərə zəng edib pul istəyir. Onlar da təbii ki, onun pul istəməsindən xüsusi zövq alırlar. Birdən qara sifətli oğlan mənə çönüb “Sən niyə pul istəmirsən?” deyir. Mən isə yenə də inadkarlıqla “biz koladan başqa heç nə sifariş etməmişik” deyirəm. Hadisənin sonrası isə daha “maraqlı” olur. İri addımlarla içəri girən birisi isə “Hanı onlar?” sualı ilə birbaşa üzümüzə baxır və sonra müstəntiq kimi sənədlərimi yoxlayır, şəxsiyyət vəsiqəmi isə alıb başda oturan oğlana verir. “Pulu gətirənə kimi səndə qalsın”. Mən də “Yəqin buranın müdiridir” deyə fikirləşirəm. “Heç bilirsən, mən kiməm, mənim barıma yazı yazmağa gəlmisiniz”. Bis isə and-aman elədik ki, burdan keçirdik, istədik, bir stəkan kola içib gedək. “Onda qızlar yanınızda niyə otururdu?” sualı da yenə mənə ünvanladılar. Mən də “Onlar zorla oturdular”- cavabını verdim......Gecə saat 02.30. Həmkarımın yaxın qohumu öz dostu ilə içəri daxil olur. Bayıra çıxıb qaraoğlanla nəyisə müzakirə edirlər. Sonda qayıdanda “Mən 100 dollar verirəm, uşaqları buraxın” deyir. Təbii ki, onun bu təklifilə heç kəs razılaşmır. Ancaq handan-hana idmançıya oxşayan qarabuğdayı oğlan “O pula 50 manat da əlavə edin, qohumunuzu aparın, bu qalsın. Onu da 200 manat buraxarıq” dedi. “Bu” deməklə o məni nəzərdə tuturdu. “Mən də zəng etmişəm, gələcəklər” dedim. O isə gülə-gülə “Pulsuz gəlməsinlər, buraxan deyilik” cavabını verdi......Sonra 15 dəqiqə çəkçevirdən sonra həmkarımın qohumu onlara 100 dollar verib bizi “zindandan” azad elədi. Bayıra çıxanda artıq şıdırğı yaşışdan əsər-əlamət qalmamışdı. Sanki yağış da bizim bu barçıların söyüşlərinə dözməyib öz yuvasına qayıtmışdı....Biz də gecə saat 4-də sonra öz evimizə qayıtdıq...Ürəyimiz isə təmiz idi, cibimiz kimi...
Gecə barlarında bar “qızlarından” istifadə edib pul qazanmaq nədənsə bizə qəribə görsəndi, bəlkə də görsənmədi, sadəcə olaraq biz son zamanlar barlara getmədiyimizdən oralarda nə baş verdiyindən xəbərimiz yox idi. İndi isə xəbərimiz oldu...
Last Updated ( Saturday, 05 December 2009 13:50 )
Azərbaycanda UZMANLAR CAM BALKON ®
Yanlara yığılan "Şüşəbənd" sistemləri - Texnologiya ilə birlikdə addımlayın
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74, iş - (+994 12) 418 82 12
NOSTALJİ
Günel Mövlud yazır Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj
Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...
Aqşin Yeniseyin yeni şeirləri Günel üçün
Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur...
Adil Mirseyid. Bayyo qobeleni
Azad insan, sən hər zaman dənizi sevəcəksənBöyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:
Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.
Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.
Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.
Cavidan Sadəcə bu…

O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…
Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa…