azerbaycanliyam.com

Saturday
Sep 04th
    welcome to my site:
    www.azerbaycanliyam.com
  • Login
  • Sign up
    Registration
    *
    *
    *
    *
    *
    REGISTER_REQUIRED
  • 2121kg
  • Search

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size
Home Nəsr Nəsr Sabutay: "Vətəndaş Ruzbeh"

Sabutay: "Vətəndaş Ruzbeh"

E-mail Print PDF

 

 

hekayə

 


Vətəndaş Ruzbeh

Ən azı 30 il əvvəlin sovet istehsalı olduğu halından bilinən, içindən Teymur əminin muğamatının və arvadların hər səhər rayon bazarına daşıdığı toyuq-cücənin iyi qoxuyan kənd taksisinə əyləşdi.
-Rayona?-muğamata qulaq asaraq uymuş sürücü üzünü ona sarı turşutdu-Seçki vaxtı səni maşına otuzdurmaqdan adam qorxur e...
-Sən nədən qorxursan ki...
-Bah, sənə görə məndə bilirsən nə qədər "çp" taparlar. Elə "Qai" ilişsə bəsdir. Bilmirsən insanın qiyməti 70 qəpikdir?
-Birincisi onu əsgərliydə deyiblər. İkincisi də 3 manat verəcəm-sürücüyə 5 km-lik yolun iki qat qiymətini boyun aldı-Onsuz da rüşvət alnımıza yazılıb.
-Elə belə sözlərinə görə yerin yoxdur də...Yaxşı, getdik, qabağımıza "itlər" çıxsa, sən allah başu sal aşağı, görməsinlər, hamısı səni iyindən tanıyır...
Kənddən girişinə iri hərflərlə "2003-cü il seçki ilidir" yazılı plakat asılmış rayon mərkəzinə çatana qədər düşdüyü müşkül vəziyyətindən yeganə çıxış yolunu tapdı. Hər halda tapdığını fikirləşdi.
"Bir ölümə çarə yoxdur" deyibən yəqin ki, sovetin ilk vaxtlarında tikilmiş, dam örtüyündən üzərindəki əhəngli suvağa qədər bozarmış birmərtəbəli binanın qarşısında maşından endi. Manatları sürücüyə uzatdı.
-Ruzbeh, Allah haqqı, seçki qurtarsın səni havayı aparacam. Kənddə söyüş qoyublar səni maşınında aparanı, özün bilirsən də kimlər.Day dedim....Öz aramızdı, bir manata o cür söyüşü peysər götürmür axı...
Sürücünün üzürxahlığı ardınca səslənirdi. Dönüb əlini yellədi.Kənd rəhbərinin ataman oğlundan başqa kim söyəcəkdi ki...
"Amip Rayon Şöbəsi" yazılmış qapını çırıltıyla açanda otaqdakı yeganə adamın səsi gurladı
-Сırdılar?
Başını soxub boylandığı otağa bütün cismiylə daxil olub
təsdiqedici tərzdə boynunu burdu.
-Əclaflar...-sədr necə qışqırdısa altındakı sınıq-sökük kreslo bu qəzəbə сırıltısıyla əks-səda verdi.
-Eybi yoxdur, lap az qalıb. Bu gün сırarlar sabah başlarının üstünə asarlar. Bizdə həmişə belə olub, bizim dəyərlər sistemimiz bundan ibarətdir. Heykəl qoyub-sökməyə heykəltaraşımız da çatmır. Hələ baxarsan, sən kənd nümayəndəsi olanda bu plakatdakı şəklin qarşısında gör necə əyiləcəklər.
-Artıq 30-cu plakatdır ki, qoparıb aparırlar. Qopmayanı da cırırlar. Bəlkə partiyamızın adından bəyanat verək bu haqda?-Ruzbeh sədrə təklif verdi və əlavəsini də etdi.
- Lap elə Amerika da bilsin.
Yerindən qalxmış sədr pəncərəsiz və kiçik otaqda iki addım irəli bir addım geri gedərək qəti fikrini söylədi.
-Bəyanatla donuz darıdan çıxmaz. Bu gün apar yenilərini yapışdır. Seçkinin ən gur vaxtıdır, təbliğatı zəiflətmək olmaz.
-Axı, cıracaqlar...Bəldiyyə sədrindən turmuş məktəbin kassirinə kimi hamısı oğul-uşaqlarını da toplayıb bu işnən məşğuldurlar...Kənd icra nümayəndəsinin avtoş oğlu hər plakatı cıranda şəkldəkinin bığını da qəttəzə söyüşlərnən bəzəyir.
-Geri çəkilmək olmaz, etibarlı gələcək etibarlı mübarizlərlə qurulur. Bu mübarizəni sənli-mənli bütün istiqlalçı partiyadaşlar aparmalıdır. Özü də rayonda liderimizin mitinqi olacaq.
-Mən qorxmuram-Ruzbeh zarıdı və qəfildən canlanmış səslə maşında olarkən fikirləşdiyi planı xatırladı.
-Bəlkə onu mənə verəsiniz...
Sədrdə dönüb onun kimi otaqdakı portretə baxdı.
-Bu mitinqlər üçün nəzərdə tutulub.
-Nə olsun, onu elə yerdən asacağam ki, heç kim qopara bilməsin. Məndən başqa heç kim ora çıxa bilməz. Belə iş olar, onlar dağ kimi portretlər ucaldırlar, biz əl boyda plakat... Ay sədr, sən də deyirsən platformamızı oxusunlar. Bizdə kimin plakatı yekədirsə hər şeyi onnan ölçülər. Mitinqə başqa portret taparsız, onu mənə verin. Həm də kəndimiz yol üstündə olduğundan Bakıdan gələnlər də bunu görəcəklər.
Sədr kresloya oxşayan oturacağa çöküb əli ilə başını dövrələdi.
-Bütün rayon üzrə təkcə bizim partiyanın 700 plakatını cırıblar... Rəhmətliyin şeiri lap atalar sözümüzə çevrilib. Davam edir 37...
Baxışlarını yenidən Ruzbehə yönəldən sədrin nəzərləri onun ayaqqabısın sol tayına ilişdi. Köhnəlmiş ayaqqabının bu tayının ağzı görünəcək qədər açılmışdı.
-Neçə razmer geyirsən?
Nəzərlərin məhz ayaqqabısına yönəldiyini görən Ruzbeh zarafat etmək istədi.
-Hər halda 37 deyil...
Sədr yenidən əlləri ilə başını tutdu.
-Cırığ şalvarla kommunizm qurduq, cırıq ayaqqabı ilə onu dağıtdıq, amma yenə də heç nə dəyişmədi. Gəl indi bu ayaqqabı ilə seçkidə qələbə qazan.
Ruzbeh yenə zarafata saldı.
-Elə buna görədir də, hər mitinqdə meydanı polis tutanda orda elə qaçan mitinqçilərin ayaqqabıları düşüb qalır. 42 razmer geyirəm.
-Sabah gəl ayaqqabı məsələni həll edim. Sənin ayaqqabın xatirələrimi oyatdı, ay Ruzbeh. 1988-in ilk mitinqində tələbə idim. Ruslar üstümüzə gələndə gördüm bu ölüm-dirimdə bir qız ayyaqqabısının tayını axtarır. İnan sənin ayaqqabın onun əlində tutduğu ayaqqabı tayından min dəfə abırlı idi. Rus gəlir, bu da ayaqqabısın tapmadan getmək istəmir. Birtəhər mühasirədən çıxardım. O, da tələbə idi. Elə meydan tanışlığımız sevgiyə çevrildi. Əşşi, onda tələbə qızlar adamı meydana getdiyinə görə sevirdi, indi mobil telefonun markasına görə.
Ruzbeh onun meydan sevgisinin axırını soruşmaq istəyirdi ki, sədr xatirəsinin şirinliyindən ayıldı.
-Əşşi, mən icranı, məmuru başa düşürəm, bəs bu adi müəllimə nə düşüb axı... Sabah bunun maaşını kəsib əlindən alanda durub üstümüzə qaçacaq. Bu millətin nəyinə qurban verəsən özünü...
Monoloqunun bu yerində sədr qəfil ayağa qalxıb göstəriş verdi
-Götür liderin portretini bildiyini elə, etibarlı gələcək...
-... etibarla gələcək-Ruzbeh şüarın ardını söyləyərək portretə sarı atıldı.
Portreti aparmağa razı sala bildiyi sürücü dingildədi
-Babovun şəklidi, Ruzbeh?
-Yox, 3 ay qabağ maşınua polislər nəşə atanda rəsinin qapısında dom...nənövün. Bazarın yanında saxla, kəndir alacam.
-Bura bax, kəndə girən kimi tez düşərsən, bilsələr portret mənim maşınımda gəlib bu dəfə sənin nənəni də polisə aparsam, xeyri olmayacaq...
Hər şey plan üzrə gedirdi. Kəndin mərkəzinə yaxın yerdə, uca, betonu uçub tökülmiş, armatur skeleti görünən dirəyin yanında maşından düşdü. Dərhal uzaqlaşan maşına fikir verməyərək əvvəldən planlaşdırdığı kimi işə başladı. Bir ucunu portretə bağladığı kəndiri ciyinlərinə alıb dirəyi çıxmağa tələsdi. Azacıq qalxmışdı ki, dirəyin titrədiyini hiss etdi. Tərəddüd edib dayandı. Bu dirək kənddə ikinci dünya müharibəsindəki fəaliyyəti ilə məşhur idi. Elə indi də onun üzərində sağ-salamat qurumuş radio-meqafon ağzı üzü göyə elə dayanmışdı ki, sanki bu dəqiqə ərləri Hitleri əzişdirməyə aparılmış kənd arvadlarına yenə cəbhə xəbərlərini çatdıracaqdı. Əslində, radio sonuncu dəfə yarım əsr bundan əvvəl Stalinin ölüm xəbərini verib informasiya xidmətini başa vurmuşdu. Arvadlar Stalinin yasını müsəlmansayağı 40 gün saxlayandan sonra kəndə məlum olmuşdu ki, radio cihazı xarab olub. Yəni, bu kənd Stalinin ölüm xəbərini verən radiodan rəhbərin 37-ci il repressiyalarının ssenaristi olduğunu və ölümündən sonra ona qarşı irəli sürülən şəxsiyyətə pərəstiş ittihamından da xəbərsiz qalmışdı. O illərdə bəraət alaraq Qazaxıstan sürgünündən qayıtmış müəllim də nə qədər bundan danışıb, xalq düşməni olmadığını sübut etmək istəmişsə də, kənd ona inanmamışdı, hətta sürgünün 19 ilinə dözmüş " xalq düşməni" qayıdışının bir ay sonrası dözməyib intihar nəticəsində öləndə də cəmi 3 adam onun dəfnində olmuşdu. Kənd qorxmuşdu ki, meqafon-radio yoldaş Stalinin adı ilə dilə gəlib sürgündən qazanılmış yeganə immumuntetlə - oturduğu yerdə sidiyini saxlaya bilməmək keyfiyyəti ilə qayıtmış bu mənfur xalq düşməninin dəfninə gələnləri sürgün siyahısında adbada elan edər. Daha sonra isə bu tipli radio-xəbərçiyə ehtiyac olmadığından o, maraq dairəsindən çıxmışdı. Elə unudulmuşdu ki, bu dirəyi ləğv etmək də yada düşməmişdi. Bu dirək sonuncu dəfə o vaxt gündəmə gəlmişdi ki, təhlükəli vəziyyətdə olmasına baxmayaraq 9 yaşlı bir oğlan məktəb direktorunun silləsindən qaçıb etiraz olaraq düz ora dırmaşmışdı. Şagirdinin burdan aşağı enib öləcəyindən qorxan direktorun yalvar-yaxarından sonra məsələ həll olunmuşdu, uşaq tərs bir sillə payından özünü xilas etmişdi. Bəlkə də bu hadisə uşaq hüquqları baxımından yeganə qazanılmış qələbə faktı idi ki, indi heç yada da düşmürdü. Sonralar heç kimin yalın ayaqla çıxmağa ürək eləmədiyi uca boy dirəyi bu oğlan su yoluna döndərmişdi. Atasının qəzəbindən, məktəb direktorunun silləsindən tutmuş sevdiyi qıza uzaqdan-uzağa boylanmağa qədər bu dirək Ruzbehin əməlli-başlı köməkşisinə çevrilmişdi. Onun nə vaxtsa burdan yıxılacağından qorxub dirəyi ləğv istəyi də olmuşdu.
İndi budur, son zəng günündən keçən 15 ildə, Ruzbeh bu sevimli dirəyinə dırmanmamışdı. Sonuncu dəfə bura dırmaşıb uzaqdan görünən məktəbi süzmüşdü, əslində ayırd eləməyə çalışmışdı ki, bu məktəb illərində nə qazanıb. Və özünə aydınlaşdırmışdı, bu kəndin məktəbində forma geymək hələ insan kimi formalaşmaq deyil, ondan əvvəlkilər necə olmuşdusa o da elə olacaq. Özünün nə istədiyini bu uca dirəkdən məktəbi süzməklə də aydınlaşdıra bilməyən yeniyetməyə bircə şeyi bilirdi. Məktəb yalnız üstəgəl və ya hərfləri öyrənmək yeri deyil. Ruzbeh məktəb kitablarından tarixi qəhrəmanların, sürgün edilən dekabiristlərin şanlı həyatlarını oxumuşdu. Amma bu məktəbdən niyə bircə onlara oxşayan adam da çıxmadığına məttəl idi. Özünə də qəribə gələn qatmaqarışıq fikirlərinə isə uca yerdən kəndin içinə düşməklə son vermişdi. O vaxtdan isə dirək əməlli-başlı qocalmışdı. Dirək onsuz qalmışdı.
Hətta payızın ilk günlərinə məxsus zəif mehində belə dirəyin sağ-sol vurduğunu Ruzbeh yuxarı qalxdıqca aydınca hiss edirdi. Ortada dayanıb tərəddüd edəndə isə dirəyin ayaq tərəfinə yaxınlaşan kənd sagə müvəkkilini gördü.
-Polis seçkiyə qarışa bilməz-Ruzbeh sədrindən eşitdiyi doqmanı qışqıraraq söylədi.
-Necə yəni -sallanan qarnını sol əlilə tutub qaldıran sahə müvəkkili başı yuxarı bağırdı- Bəs həmişə mitinqin axırinda sizinkiləri biz döyüb qovmuruq?
-O, axırda olur- Ruzbeh qışqırdı-İndi televizorda nazirin də deyib ki, biz seşki-plakat işinə qarışmırıq.
-Amma ordan plakat asmaq olmaz.
-Kim deyib ki...-Hirsə düşmüş Ruzbeh yuxarı çıxmaq üçün özünü topladı. Artıq geriyə yol qalmırdı.
Aşağıda sahə müvəkkilinin hədələri və səsi artdıqca daha sürətlə hərəkət etməyə çalışırdı. Yuxarı qalxdıqca müvəkkilin də səsindən uzaqlaşırdı. Meqafonun yanına çatıb portreti bir azacıq bərkitmişdi ki, bu dəfə kənd icra nümayəndəsi öz səsi ilə peyda oldu.
-Düş...-amiranə səs dirəyin ucalığına çatdı.
-...mirəm. İstəyirsən vur sal.
Kənd adamları dirəyin ətrafını tam dövrələyib cəm olanda rayon mərkəzindən gələn xüsusi şəxs peyda oldu. Əvvəlcə kənd rəhbərləri, sonra müvəkkil izahat verdilər. Mötəbər şəxs isə ilk göstərişini verdi.
-Bir az ehtiyatlı olun , düşüb eləyər, seçki ilidir, kim bilir necə olacaq, bərkgedənlərə nə var oğul-uşağları xaricə qaçırıblar, bir də ki, nəsə olsa arada bizi işdən çıxaracaqlar. Muxalifətdir, bir də gördün meyidin atdılar bellərinə çıxdılar mitinqə. Dilə tutmaq lazımdır...Torpaqdan-zaddan istəyirsə boyun alın...Ya da, arvaddan-uşaqdan nəyi var gətirin mələşsinlər, bəlkə düşdü.
Kənd nümayəndəsi mərkəzdən gələn təlimatçıya tələsik izahat verdi.
-Gülləni gözünə sıxsan düşən deyil, ailə də bezib bundan. Rəhmətlik dədəsi qapaz vurmuşdu uşaq olan bəndə, çıx bura, meqfondan qışqır ki, kəndə faşistlər girib...Hələ keçən seçkidə dedim torpaq verim, ək-becər. Nə desə yaxşıdı, guya Tolstoy deyib ki, nə qədr dövrə vura bilirsənsə torpaq götür, adam dilində desək ölüyə iki metrə torpaq lazımdır. Tolstoyda bunun kimi dirəyə çıxan olub. Bu ağlın yiyəsinə nəyi başa salasan. Qohumunu çağıtdırmışıq, yas yerindən çıxıb gəlir.
...Ruzbeh portreti etibarlı bərkitdiyini bir daha yoxlayıb, burda qala bilmək üçün kəndirin qalan hissəsi ilə də özünü dirəyə pərçim etdi. Əsas axşam düşüncə idi. Burdan enəndən sonra isə çətin ki, kimsə ürək eləyib portreti düşürmək üçün dirəyə çıxaydı. Ən azı texnika-filan tədarükü görüncə sabahın 4-5 saatını da itirəcəkdilər. O vaxt ərzində isə bu portret bütün seçki materiallarını öz əzəməti ilə üstələyəcəkdi. Onun istədiyi yalnız bu idi.
-Əh,kopoyoğlunu nazıynan oynayacağıq...Ya alllah...Salam-məlleykum...
-Gəl çıxdə, ağsaqqal, gör qohumun neyləyir. Başçının yanında biabır olmuşuq-kənd mümayəndəsi ilk əvvəl rayondan gələnlə, sonra onunla ikiəlli görüşən mollaya narazılıq etdi.
Molla hirslə təsbehini tək barmağında hərlədi.
-Ədə, düş aşağı, Ruzbeh, sən öl baxmaram tarıya, bu yaşımda çıxaram dalınca, ordan səni plakatın qarışığ ataram yerə.
-Çıx-çıx...O qədər ölünün bozbaşını mən yesəydim lap Aya uşardım.
Dirək ətrafına toplaşmış caamatdan yayılan xəfif gülüşmə Ruzbehin kefini əməllicə durultdu.
-Əlivə Quran götürüb düşəksən seçki günündə ki, gedin filankəsə səs verin. Çıx allaha yaxın olasan. Başa salsınlar ki, müqəddəs kitab sənin dolanacağın üçün nazil olmayıb.
Molla eyni hirslə təsbehli əlini dirəyin ucalığına uzatdı.
-Bu adam 30 yaşına çatıb bir qram ağlı yoxdursa bundan sonra heç olmaz.
Qohumun sözləri təlimatçının səbrini daşdırdı:
-Rayon rəhbərliyi sizə etimad göstərib, amma neçə ildir bir adamın öhdəsindən gələ bilmirsiniz. Hər mollaya ölü basdırmağ icazəsi verilmir. Bu kənddə sizə imkan yaradılıb. Amma siz...
Bu tənədən öz payını götürən kənd nümayəndəsi tutuldu.
-Vallah keçən seçkidən sonra, elə mollada şahid, tövbə elətdirdik, bədbəxt oğlunun hamamıda yoxdur, bizim hamamda qüsulladıq, dedi day müxalifət-zad tərəfə getməyəcək. Hələ buna qız da vermirdilər. Dedik evlənər tam ağıllanar, mollaynan gedib elçiliyini də elədik. Yoxsa buna kim qız verərdi...
-Bəsdirin-təlimatçı əsəbləşdi- Bunlara tövbə nədir, kislotaya da salsan müxalifət qanı təmizlənməz...Bunları elə tanıyıram a...Cammatın toplaşmağı elə buna sərf edir. Əlac tapmalıyıq.
Rayondan gələn səlahiyyət sahibi nə fikirləşdisə səsinə şirinlik qatdı.
-Ruzbeh müəllim...
Ruzbeh qarışıq kənd sakinləri bu müraciətə qəh-qəhə çəkdi. Çünki, hamı bilirdi ki, Ruzbeh 10-cu sinifə qədər ölüm-dirim çatmışdı. Yəni, kənd üçün Ruzbeh elə Ruzbeh idi. Uzaqbaşı bütün müxalifətçiləri adlandırdıqları kimi "cəbbhəçi Ruzbeh" idi. Bu ayama isə yada ancaq seçiki illərində düşərdi, vəssalam.
Gülüşmədən pərt olan təlimatçı yenə səsləndi.
-Yaxşı, ay Ruzbeh, sənin liderinə bizim də hörmətimiz var, işini qurtarıbsan düş , yıxılıb eləyərsən.
Ruzbeh əvvəlcə əli ilə yox işarəsi verdi, sonra üzü aşağı bağırdı.
-O tülkiyə de ki, oğul-uşağıyla geçələr qopardığı plakatları indi yerinə yapışdırsın sonra danışarıq. Hamısını yığıb xarabasına, deyirdi ki, qışda odun altına qoyacaq.
Göy üzündən gələn tələb yerdəki rəhbərlərin qısa müzakirəsindən keçdi. Bu arada təlimatçı yenə də kənd rəhbərinə əsəbləşdi.
-Əşşi, gərək hamısını qoparaydın, sənə deyirlər əli kəs, sən qolu dibindən kəsirsən...Tələbi eşitdiz də?
...Bir saat sonra kəndin mərkəzini bəzəyən plakatlardakı sözlər tələbi yerinə yetirən rəhbərlərin ardınca düşmüş bir dəstə kənd uşaqlarının dil əzbərinə çevrildi.
-Etibarlı gələcək, etibarla gələcək...
Ruzbehin və portretin pərçimləndiyi dirəyə yaxınlaşanda bu şüar daha bərkdən səslənməyə başladı. Ruzbehin aşağıdan güclə görünən yumruğu havada yelləndi, dərhal da yıxlamamq üçün dirəyi yenidən qucaqladı.
Təlimatçı istehza ilə məktəb direktoruna baxdı
-Bu da məktəbliləriniz...
Onsuz da səbrsizləşmiş sahə müvəkkili, kənd bələdiyyəsinin sədri, məktəb direktoru bağrışan uşaqları dirək səmtindən dağıtmaq üçün hücuma keçdilər. Uşaqlar əvvəlcə pərən-pərən düşdülər. Sonra dallarınca qaçan yekəqarınlıların yorulduğunu görüb bir arada birləşdilər. Bu dəfə həm şüar dəyişdi, həm də uşaq əllərinə yığılmış daşlar "düşmənə" atıldı.
-Fəlstinə azadlıq...azadlıq...
Axır ki, uşaqları evlərinə qovmağa nail olan dəstə qayıtdı və məktəb direktoru üzt-başının tozunu çırparaq deyindi.
-Bu xarici televiziyalar uşaqları lap pozub. Tərbiyələri çətinləşib.
Təlimatçı isə yalnız dirəyin başındakı Ruzbehə sarı boylanırdı. Var-cücü ilə bağırdı.
-Hə, indi nə deyirsən?
Uca dirək başından gələn cavab özünü çox gözlətmədi. Ruzbeh yumruğunu meqfona çırpıb aşağıya sarı nota göndərdi.
-Bir, kəndə ən azı gün ərzində 18 saat işıq verilsin...İki, kənd nümayəndəsinin oğlundan hökumət maşını alınsın ki, dövlət maşını ilə avtoşluq etməsin...Üç, bələdiyyəmiz heç olmasa bircə yola asfalt döşəsin, dörd, naməlum adamlara verilmiş kəndin əkin sahələri özümüzə qaytarılsın...Torpaq namusdu, torpaqdan pay olmaz...
Ruzbeh hər tələbi əlini meqfona çırparaq səsləndirirdi.
Təlimatçının böyründəki dəstədə yer almış bələdiyyə sədri acıqla münasibət bildirdi.
-Elə bilir o meqfon Azadlıq radiosudur, bu da Mirzə Xəzərdi, nazıyla çox oynadıq.
Səbrsizləşmiş təlimatçı isə nəhayət qərarını verdi.
-Hava qaralır. İndi düşənə oxşamır. Bir azdan allah bilir hansı tələb qoyacaq. Sabah tezdən o zəhirmarı necə olsa qoparıb atarsınız. Lazım olsa dirəyi burdan rədd edin. Sonra plakatları da üsulluca yox edərsiniz. Bu terrorçunun da haqqında görək rayonda hansı qərarı verəcəklər...
Təlimatçı üzünü sonuncu dəfə üzü göyə tutdu.
-Sağ ol, Ruzbeh müəllim, sabah görüşərik...
Ruzbeh səsdəki istehzaya əhəmiyyət vermədi...
...Qaranlıq qatılaşdıqca dirəyin ətrafında durub mənzərəni hələ də maraqla izləyənlərin sayı azalırdı. Dirəyin yanından o yan-bu yana gedən inəklərin də silueti
tövlələrə sarı yoxa çıxırdı...
Reklam rolikində snikers yeyib üzü qalibiyyət ifadəsi alan oğlan kimi Ruzbeh də portretdəki liderin qaranlıqda belə sezilən qalın bığlarına baxıb məmunlluqla gülümsədi.
"Gecən xeyrə qalsın, mən öz vəzifəmi yerinə yetirdim. Qalanı sənlikdir. Düşüm qaçım evə. Kim bilir sabah nə olacaq..."
Ehtiyatla enirdi. Yerə atılmağa az qalırdı ki, qaranlığı gur işığı ilə yaran maşın dirəyin yanında tormuz verdi. Ruzbeh dərhal bir-neçə metr yuxarı qalxdı.
Maşından əvvəlcə zəhmli ovçarka atıldı sonra isə 3 şəxs düşdü.
"İşkilidirlər köpəy uşaqları."
Ehtiyatlanıb bir az da yuxarı qalxdı.
-Ruzbeh, sənin...-kənd rəhbərinin oğlunun söyüşünə işkili dostları da qəh-qəhə çəkdi. Ovçarka isə zəhmli hürüşlə həmrəyliyini bildirdi.
Elə hürməkdə olan itin uzun xalatasından tutub dirəyə bağlayan rəhbər oğlu itə əmr etdi.
-Sadis.
Sonra isə üzünü üzüyuxarı tutaraq:
-Düş aşağı görüm indi necə düşəcəksən. Plakat yapışdırmağa göndərəndə bilmirdin əvəzini çıxacam. Əlimin yapışqanını güclə təmizləmişəm. Maşını əlimdən almaq istəyirsən, almayanın da bunun canını qurtarmağa kömək edənin ....
Rəhbər oğlu kənddə peysər götürməyən ən bahalı söyüşü işlətdi. Bu isə elə söyüş idi, mütləq ev-ev yayılacaqdı, arvadlar heyrətdən quruyacaq, balacalar mənasını soruşduqları üçün atalarından qapaz qazanacaqdılar, kişilərin türkün sözü leksionu zənginləşəcəkdi.
...Payız günün üşüdücü gecə soyuğu başlayanda özünü dirəyə, meqafonun yanına pərçimləmiş Ruzbehin yadına düşdü ki, plakatların halından necə hirsə qapanıbsa səhərdən çörək yeməyib. Əslində bunu yaddaşın səsi yox, ulamaqda olan mədə yada salırdı. Bir əl boyda təndir çörəyi olsaydı, bir baş soğan olsaydı...
Ucalıqda olmasına baxmayaraq mexaniki ehtiyatla aşağı, kənd sədrinin oğlunun yekəqarın atasındanda zəhmli fiziki göstəricilərə malik itə boylandı.
" İtə bax ey, elə bil dnivalni dayanıb. Deyən lazım ay it sənin arvadın, küçüyün yoxdu, istəsə bir dartıma xaltasın qoparar. Yiyəsinə itaətdə lap bizim millətə çəkib. Çıx getdə...Ay it oğlu it, iki yaşlı oğlum evdə dədəsini soruşur e..."
Ruzbehi eşidirmiş kimi it başını yuxarı qaldırıb qaranlığı yaran iri gözləri ilə dirəy boyu baxdı.
Zəhmli it baxışlarını hiss edib udqunsada birdən Ruzbehə qəzəbli məzələnmək istəyi hakim kəsildi.
-Bizim arvad kimi nə baxırsan. Heç düşmürəm, onsuzda bu gün evə getsəm arvad ət almamağımın davasını edəcək. Evdə göy-göyərtidən başqa heç nə yoxdu, sən öl. Gözlərini sənin kimi bərəldib düz üstümə gələcək. O, da sənin kimi ət yeməsə bağrı çatlayar. Ət olmayanda bizim arvad elə hürür, sənin səsin abırlıdır onun yanında...Sənə nə var e, sahibin ət nədi, şkoladla bəsləyir.
İt anlamış kimi qəzəblə hürdü.
" Səsiniz oxşayır"
Bunu isə Ruzbeh ürəyində söylədi. Kəndin elektriki isə həmişəki kimi eyni vaxtda kəsildi. Qaranlığın və ilk payız günlərinin üşüdücülüyün hiss etdi.
"İşıqlar söndüsə, deməli on ikidir"
O, adətən bu vaxt, məcburən televizordan ayrılanda yatardı. Düz, ANS-in 24.00 xəbərlər buraxılışı başlayıb, efirdə ölkə xəritəsi görünəndə işıqlar keçirdi, qaranlıq başlayırdı. Əvvəlcə lampa yandırılırdı, sonra adətən arvadının Turalın "Günəbaxan" verlişindən əxz etdikləri eşidilirdi və bir də ayılırdı ki, xoruz banlayır...
...Kənd evlərini pəncərəsindən neft lampalrının solğun işığı ona baxırdı...
...Yumulan gözlərinin qapanmasına çalışdı...
...Aşağıdakı it arxasını dirəyə söykəyib oturdu...
...Ruzbeh liderinin portretini bağladığı ipin digər ucu ilə dirəyə daha etibarlı bağlanmağa çalışdı...
...Qaranlıqda lider də görünməz olmuşdu...
Şirinləşən yuxu istəyi, mədədən qopan acılıq, kəndin tük saldığı itin qorxusu yeni bir Ruzbeh yoğururdu...
Gözlərini son gücünü toplayıb aşdı. Aşağı nifrətini göndərdi.
" Burdan yıxılıb, sənin üçün ehsanlıq olmayacam, it oğlu it"
Sakit oturmuş it hissiyatla yerindən qalxaraq qaranlığı iri gözləri ilə yarıb Ruzbehi nişanladı.
"Nə baxırsan, köpəyoğlu. Hamı yatsada yatan deyiləm, sən hələ məni tanımırsan, tanımırsan"
İtin hirsli mırıltısı Ruzbehə ləzzət verdi. Yorulmuş bədəninə yeni güc vermək üçün əllərini hələ Stalinin vaxtında möhkəm bərkidilmiş meqfona xaçvari keçirdi. Ağzını isə meqafonun içinə tutub var-gücü ilə qışqırdı.
-Diqqət, diqqət! Danışır Azadlıq radiosu! Azərbaycan dilində verlişlərimizə başlayırıq. Mən Vaşinqtondan, Praqadan, Tehrandan, Moskvadan yox bu kənddən danışıram...Hamınız bilin, mən bu itə yem olmayacam..
Aşağıdan hürüşün səsi meqfon boyu ucaldı. Ruzbeh bu qəzəbə qəh-qəhə çəkdi.
-Deməyin it hürər karvan keçər, əziz dinləyicilər. Karvanın sarvanı olsa tutub itin yiyəsini...
Ruzbeh dərindən köks ötürdü.
"Başımı bir az qarışdırdım."
Yenə yuxu gəldi
"Mən yatmayacam, yatmayacam...Şirin yuxu istəmirəm, aldadıcı şirinlik istəmirəm, şirin yuxu istəmirəm. Səsimin eşidiləcəyi sözümün deyiləcəyi Azadlıq yox, azad radio istəyirəm...Mən yatmayacam...İstədiklərimi, arzuladıqlarımızı yuxuda görüb aldanmaq istəmirəm, istəmirəm..."
...Qarnı üzərindən keçirdiyi ip qarışıq bir az aşağı sürüşdü...
İtin bərəli zəhimli gözləri Ruzbehin yuxu qovmaqdan şişən gözlərinə dikilmişdi. Hər ikisi qorxunclaşmış gözlərini ayırmırdı.
Xoruzlar bir banladı...
Yaxın evlərin pəncərəsində lampalar sönürdü...
Alatoranın işığında dirəyə pərçimlənmiş Ruzbeh ağarırdı.Qarnından keçən kəndr onu zorla saxlayırdı...
Əlləri aşağı düşmüşdü...
Seçkiyə qarışan başının uzanmış tükləri sallanırdı...
42 ölşülü ayaqqabısın ağzı daha da açılaraq ayaq barmaqlarının ikisini kənd üzərinə tuşlamışdı...
Gözləri qıyılıq dərəcədə açıq idi. Eyni gözlər isə aşağıda idi.
"Yəqin ki, lap Rasim Balayev kimi asılıb qalmışam"
"Nəsimi" filimindən doğan bənzətməsinə güclə də olsa gülümsədi.
Gözlər isə üz-üzə dayanmışdı... 

 

Köşə yazısı

Babək Göyüş

  

babekaztv@yahoo.com 

31 avqust 2010-cu il  Dünyanın prezidenti

...Söhbət biz yaşadığımız planetdən gedir. Belə baxanda istər bu planetin, istərsə də yad cisimlərin yek prezidenti Tanrının özüdür, çünki bizim görüb duya bildiyimiz və görüb duya bilmədiyimiz qalaktikanı ondan başqa heç kəs və heç bir qüvvə yarada bilməzdi. Ancaq yaşadığımız bu yer kürəsində elə qanunauyğunluqlar var ki, ondan yan qaça bilməzsən....

Arxiv    

2010  Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

2009  Dekabr Noyabr Oktyabr Sentyabr Avqust İyul  İyun May Aprel Mart Fevral 

Azərbaycanda UZMANLAR CAM BALKON   ®                             

Yanlara yığılan "Şüşəbənd" sistemləri  - Texnologiya ilə birlikdə addımlayın 
 
Tbilisi prospekti, 43/42 tel: mobil - (+994 50) 620 30 10, (+994 55) 654 34 74,  iş - (+994 12) 418 82 12
 

    

NOSTALJİ

Günel Mövlud yazır  Axşamçağına cavab… Şəkidən reportaj Polemika Gürcüstandan reportaj Restorandan reportaj

Nəhəng bir kişidi bu dünya Mən Ona gərək deyiləm  Amma məni bu yox Pəncərənin o tayında Yağışın Çirkli gölməçəsində Əllərini yuyan adamın Halına baxıb Təsəlli alacaq qədər Gücsüz olmağım ağrıdır...

Aqşin Yeniseyin yeni şeirləri Günel üçün 

Bir zəlzələlik canı var şəhərlərin Bir sevgilik ömrü var şairlərin Bir nəfərlik unudulmaq qorxusu var qadınların Şəhərlər zəlzələdən, Şairlər sevgidən, Qadınlar unudulmaqdan qorxur... 

 


Adil Mirseyid. Bayyo qobeleni    Azad insan, sən hər zaman dənizi sevəcəksən

Böyük fransız şairi Şarl Bodlerin bir şeirindən misal gətirdiyim bu misra son günlər heç ağlımdan çıxmır. Hər zaman dənizi sevdim – mən özgür adamam. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perro nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm.
Kalvados departamenti. Bayyo şəhəri. Şəhərin qədim əsərləri Şarl Perronun nağıllarındakı qəsrlərə bənzəyir. Şəhərlə dənizi on km məsafə ayırır – cəmisi iki km-dən sonra dənizə qovuşmaq mümkündür. Amma mən o dənizə qovuşa bilməyəcəm. Nazim Hikmətin səsiylə bir şərqi oxumaq istəyirəm:


Çox yorğunam,
məni bəkləmə, kapitan,
Səfər dəftərini başqası yazsın.
Çinarlı, qübbəli mavi bir liman,
Məni o limana çıxaramazsan.


Bayyo şəhərində Tapusserie yazılmış yol işarələrinə rast gələcəksiniz. Tapuseerie sözünü açıqlayım, Tapusserue qobelen deməkdir. Bu, bizim bildiyimiz adi qobelen deyil – bu, məşhur Bayyo qobelenidir. Əslində bu, unikal bir tikmə sənəti nümunəsidir. Qırmızı, sarı, yaşıl, mavi və boz yun saplarla işlənmiş qobelen sanki min il əvvəl deyil, təzəcə toxunub.

Üzərində Tapisserie yazılmış lövhənin işarə etdiyi səmtə yollanaq. Qədim şəhərin daş döşənmiş darısqal küçələrindən keçirik. Orta əsrlər üslubunda inşa edilmiş mədənin yanından ötüb şəhərin mərkəzinə doğru gedirik. Bu da şəhərin mərkəzi, dairəvi meydan. Yenə Tapisserie yazılmış lövhə. Bu lövhə bizi şəhər muzeyinə aparacaq. Bilet alıb muzeyə girəcəyik. Dünyanın bütün muzeylərində olduğu kimi, burda da sərin bir səssizlik duyulur. Uzun, ensiz, pəncərəsiz dəhliz. İndi biz orta əsr möcüzələrindən birinin cəmi iki addımlığındayıq. Bayyo qobeleni burda qalın orqanik şüşə örtük altında qorunub saxlanılır. Qobelen uzun kino lentini xatırladır. Gəlin Bayyo qobeleninin ölçülərinə fikir verək. Qobelenin uzunluğu yetmiş metrdir, əslində bu əlvan frizun orijinal ölçüsünün daha böyük olduğu söylənilir. Qobelenin daha altmış metrə yaxın hissəsi uzun illər əvvəl müəmmalı şəkildə yoxa çıxıb. Deməli, onun uzunluğu hardasa yüz otuz metrə yaxın olub, görəsən, qobelenin itirilmiş hissəsində hansı səhnələr təsvir olunubmuş, biz bunu heç vaxt bilməyəcəyik. Qobelenin eni isə cəmi yarım metrdir. Qobelenin süjeti haqqında danışmazdan öncə qeyd edək ki, burda real və mifik obrazlar, astroloji rəmzlər, məişət səhnələri, hətta erotik epizodlar görəcəksiniz. Qobelen üzərində altı yüz min insan fiquru, iki yüz iki at, əlli beş it, qırx doqquz ağac, qırx bir gəmi və beş yüzdən artıq digər heyvan fiqurları toxunub. Ən maraqlı detallardan biri – altı yüz iyirmi altı insan fiqurundan ancaq üçü qadın obrazıdır.
Mütəxəssislərin araşdırmalarına görə, bu qobelen üzərində tarixi səlnamənin şifrələri yazılıb. Qobelen normandların İngiltərəni fəth etməsinin şərəfinə toxunub. 1066-cı ildə normandlar İngiltərə ilə savaşdan qalib çıxdılar. Qobelen normandların tarixi salnaməsidir, onların bu tarixi olaylara münasibətini əks etdirir. Belə ki, bu qobelendə əksini tapan tarixi faktlar normandların tarixə baxışlarını əbədiləşdirib. Amma bu gün incəsənət tarixinə məlumdur ki, Bayyo qobeleni Normandiyada toxunmayıb. Fərziyyələrə görə, Qobelen işğal olunmuş İngiltərədə toxunub. Özü də hər halda, 1066-cı il olaylarından çox sonra. Yalnız ilk baxışda qobelendə təsvir olunan hadisələrin sırf normand versiyası olduğuna inanmaq mümkündür, bu isə incəsənət tarixçilərini, araşdırmaçıları yanlış məcraya yönəldə bilər.
Bayyo qobeleninin tragik hekayəsini vərəqləyək. Toxucular üçün eskizlər çəkən rəssam rəsmlərdə gizli kodlar qoyub. Rəssam bəlkə qraf II Yustasa rəğbət bəsləyib? Şimali Fransada hakimiyyət uğrunda Vilhelmə rəqib olan qraf Yustas İngiltərə taxt-tacını da ələ keçirmək sevdasına düşə bilərdi. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1066-cı ildə Hastinqs savaşında qobelendə təsvir olunmuş üç personaj normandlar tərəfindən döyüşüb. Bunlar hersoq Vilhelm, yepiskop Odo və qraf Yustasdır. Qobelendə əsas obraz qraf Yustasdır. Qraf Yustas isə normand deyildi. Əgər əsər normand versiyası kimi düşünülsəydi, onda qobelenin baş qəhrəmanı Giyom Vilhelmdən başqası olmamalıydı. Hersoq Giyom Vilhelm əslində hersoq İkinci Yustasa etibar eləmirdi.
Tarix dərslikləri yazır ki, Hastinqs döyüşlərində hersoq Vilhelmin başçılıq etdiyi atlı cəngavərlər həlledici rol oynayıb. Vilhelmin cəngavərləri təpə üzərində yüksəklikdə qərar tutmuş ingilis ordusuna bir neçə dəfə hücuma keçir, sonra geri çəkilir. Hersoqun hiyləsi baş tutur, ingilislər mühasirəyə düşürlər. İngilislər atlı normand cəngavərlərinə məğlub olurlar. İngilislərin sərkərdəsi Qarold mahir döyüşçü idi, o, bu döyüşdən bir qədər əvvəl norveçlilər üzərində parlaq qələbə qazanmışdı. Bəs indi nə baş verirdi ki, onun ordusu belə asanlıqla tələyə düşmüşdü?
Daha bir önəmli detal – qobelendə ingilis ordusu nədənsə bütünlüklə piyada əsgərlərdən ibarətdi. Süvarilər gözə dəymir, amma onların qalxanları eyni ilə normand atlılarının qalxanlarına bənzəyir.
Qaroldun ölümü. Sərkərdə oxla vurulub yaralanır. Normand cəngavərləri yaralı sərkərdəni qılıncdan keçirirlər. Bəs onu oxla vuran kim olub? Ümumiyyətlə, cəngavər döyüşündə ox hardan peyda olub?
Məlumdur ki, Qərbi Avropa cəngavərləri heç vaxt döyüşdə oxdan istifadə etməyiblər. Onlar düşmənlə üz-üzə, göz-gözə döyüşməyə üstünlük verərdilər. Bu, onların cəngavər şərəfi haqqında təsəvvürlərinə zidd idi. Qərbi Avropa cəngavərlərinin düşüncəsinə görə, rəqibi oxla vurmaq əclaflıqdır, döyüşdə düşməni oxla vurmaq özünə hörmət edən cəngavərə şərəf gətirmir.
Bu cəngavər fanatizmi idi, yoxsa sosial snobizmdir? – gəlin bu məsələni mütəxəssislərin öhdəsinə buraxaq.
Muzeydən çıxıb Bayyo şəhərinin kafelərindən birində açıq havada oturub bir fincan qəhvə içək. İstəsəniz, absent sifariş edə bilərsiniz – un cofe creme qarson.
Qədim yunan klassiki Evripidin qələmə aldığı pyesdə Heraklı gözdən salmağa çalışan personajlardan biri deyir: “O, (yəni Herakl) heç vaxt nizə və qalxanla silahlanmır. O, ox-yaydan istifadə edir, ox isə qorxaqların silahıdır. Ox döyüşçünü qəhrəman eləmir. Əsl kişi nizə qarşısına çıxmağa cəsarəti olandır”. Heraklın atası oğlunu bu sözlərlə müdafiə etməyə qalxır. Heraklın atası deyir ki, ox atan mahir döyüşçü düşmənin üstünə çoxsaylı ox ata bilər, bununla belə özündə ehtiyat oxlar saxlayar. O, düşmənlə arada məsafə saxlayır, özü düşmənə görünmür, amma ox yağdırır. O, düşmən cəbhəsinə mümkün olduğu qədər çox zərbələr endirir – bu isə müharibənin əsas şərtlərindən biridir.
Qədim yunan əfsanəsi orta çağlar şevloyeləri üçün də keçərli idi, oxlu yay, arbalet aşağı təbəqənin, qara camaatın silahı sayılırdı. Ox-yay gəzdirən adam əsilzadə ola bilməzdi. Kübar mühit onu heç cür qəbul eləyə bilməzdi. Amma tarixdə bəzi istisnalar həmişə mövcud olub. Məsələn, altıncı yüzil frank səlnaməçisi Turlu Qriqori qraf Lüdastın adını çəkir. Əlbəttə, qraf Lüdast cəngavər idi. Cəngavərlər kimi də geyinərdi. Amma qraf ox gəzdirərdi. Bu detal çox önəmlidir. Salnaməçi bu detalı xüsusi olaraq qabardır. Əcəba, o, bununla nə demək istəyir?
Qraf Lüdast gəncliyində aşbaz, sonra isə mehtər olub. İgidliyi və ağlı sayəsində mənsəb qazanıb, qraf rütbəsi alıb. Amma o, əsilzadə kökənli deyildi – salnaməçi bunu vurğulayır.
Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filminin personajlarından birinin zərbi-məsələ dönmüş sözlərini yadınıza salmaq istəyirəm. Həmən personaj, gənc qızıl əsgər Petruxaya müraciətlə “Şərq incə məsələdir, Petruxa” – deyir. Deyəsən, xatırladınız, təbəssümünüzdən bəlli olur. Doğrudan da Şərq incə məsələdir. Şərqdən baxanda orta çağların cəngavər, xaçlı şevolye fanatizmi gülünc görünür. Şərqli döyüşçüləri mahir, sərrast oxçular idilər. Onlar ox-yaylarını qızılla, gümüşlə, qiymətli daş-qaşlarla bəzəyərdilər. Döyüşdə fərqlənən əsgərlərə qiymətli ox-yay bağışlayardılar. Ox orta çağlar şərq döyüşçülərinin ən effektli silahı olub, bu, danılmaz bir həqiqətdir. Heç Qərb salnaməçiləri də bunu inkar etmirlər. Süvari şərq döyüşçüsü at belində, yəhər üstündə döyüşərdi. Süvari döyüşçülər düşmən üstünə hücuma keçərdilər və döyüş zamanı hiylə işlədib, guya döyüş meydanından qaçardılar. Düşmən qoşunları bir ox məsafəsi qədər yaxınlaşanda isə elə yəhər üstündəcə geri dönüb onları oxa basardılar. Orta çağların ən igid döyüşçüləri əlbəttə hunlar, türklər mahir ox atanlar olublar. Hun, türk döyüşçülərinin barbar avropada yaratdığı dəhşətli vahimə hələ də avropa xalqlarının əfsanələrində yaşayır, yazılı salnamələrdə yer alıb. Hun türk döyüşçülərini tarixin yaddaşından silmək mümkün deyil.
Yalnız türklər deyil, yapon samurayları da döyüşə oxla-yayla gedərdilər. Yapon dilində “döyüşmək”, “savaşmaq” sözü “ox atmaq” kəlməsi ilə sinonimdi – bu isə təsadüf ola bilməz.
Qəhvəmizi içdik. Gəlin Tapisserie muzeyinə dönək. Qeyd edim ki, bu muzey, loru dildə desək, Bayyo xalça muzeyi bir zamanlar şəhər ratuşası olub, sonradan muzeyə çevrilib.
Bayyo qobelenində T şəkilli xaç nişanələri diqqəti cəlb edir. Hersoq Vilhelmin cəngavərlərinin qalxanlarında qızılı rəngli T şəkilli xaç görünürdü.
Ren-Denidə qorunub saxlanan qədim fransız döyüş bayrağı – məşhur oriflamma sadə qırmızı parçadan və qızılı saçaqlardan ibarətdir. Oriflammanın – döyüş bayrağının üzərində heç bir rəmz təsviri yer almayıb.
Kiçik bir hekayə, dimdiyində zeytun budağı olan ağ göyərçin simvolu sizlərə nə deyir? Yox, bu krossvord deyil. Ay səni, qələmim dimdiyində zeytun budağı tutmuş göyərçin şəkli çəkir.
Janna Darkın bayrağında bu şəkil vardı – Janna bu bayraqla döyüşlərdə qələbə çalırdı. Amma ağ göyərçin onu odda yandırılmaqdan qoruya bilmədi.
1066-cı il Qastinqs döyüşü haqqında ilk yazılı məlumata yepiskop Qay Amenin qələmə aldığı “Qastinqs döyüşü haqqında nəğmələr”də rast gəlinir. Qay Amen isə normand deyildi, fransız idi. Üstəlik də qraf Yustasın qohumu olub. Bu əsər uzun müddət itmiş və ya məhvedilmiş sayılırdı. 1882-ci ildə kral arxivistləri təsadüfən “Nəğmələr”in iki nüsxəsini tapırlar, bu nüsxələrdə normand mənbələrindən fərqli olaraq hersoq Giyom və ya Vilyam deyil, qraf Yustas döyüşün qəhrəmanıdır. Qobelendə də qraf Yustas əlində bayraq normand cəngavərlərinin hücumuna başçılıq edir. Qobelenə diqqətlə baxsaq, dörd nəfər piyada normand oxçusu görəcəyik. Yalnız bir atlı oxçu fiquru gözə dəyir, o da normanddır. Başında dəbilqə var bu döyüşçünün, bizcə bu təsvir rəssamın səhlənkarlığı sayılmamalıdır, çünki bütün fiqurlar ən xırda detallarına qədər dəqiqliklə işlənib.
Bayyo qobeleninin sirri naməlum dahi sənətkarın gələcək nəsillərə mesajıdır. Yetmiş metrlik qobeleni hissə-hissə fraqmentlərlə, personajlarla, simvollarla çözmək heç də asan məsələ deyil. “Qastinqs döyüşü haqqında nəğmələr” vasitəsi ilə qobeleninin sirri çözülür. Necə deyərlər, həqiqət həmişə göz önündə olur, amma gözə görünmür. Qobelen üzərində Ezop təmsillərinin personajlarının təsviri təsadüf və ya rəssamın şıltaqlığı ola bilməz. Ezop obrazları bəlkə də sənətkarın gizli şifrələridir.


Cavidan Sadəcə bu…
 
   O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…

   Sən Ya rahat yolu seçib Axına qarışırsan, Ya da Yuxarılardan yapışıb Sallanırsan… əllərinlə addım-addım və tər-təmiz çıxmaq üçün o başa… 

Kodbanks

www.news.qaynar.info

SON DƏQİQƏ:

Новости на русском языке

İsti xəbər

 

Araz Agalarov & Babak Goyush

 Crocus City  & "I am Azerbaijanian" journal...

 

Qan Yaddaşımız

Bunları unutma!!!  

 

2121kg - Babak Goyush

 Editor-in-chief of the "I am Azerbaijanian" journal www.az.wikipedia.org/wiki/Babək GöyüşƏsə...

 

Gözəllik

Hələ yaşamağa dəyər...  Babi Qoqa...

 

Populyar

 Ədalət Şükürov, Azərbaycanın əməkdar artisti...
Babak Goyush

Azərbaycanı sevənlər üçün...

Əziz oxucular! "Azərbaycanlıyam" jurnalı özünün yeni layihəsinə start verib.  Redaksiyanın yaradıcı qrupu Azərbaycanın adını çalışdığı hər sahədə yüksəklərə qaldıran dünya azərbaycanlıları və şirkətlər haqqında xüsusi buraxılışlar hazırlayır. Müraciət etsəniz, siz də Azərbaycanı sevənlərin cərgəsinə qoşula bilərsiniz. Sağ olun.  babekaztv@yahoo.com 
Thank you!!!

Sorğu

Istərdinizmi torpaqlarımız yalnız müharibə yolu ilə alınsın?
 

Canım, gözüm Türkiyə

Neft

Manatın (AZN) məzənnələri:

Ölkə valyutaları

Türk lirəsinin (TL) məzənnələri:

Bakıda hər havanın öz havası var...

Pimsler metodu ilə

Azərbaycan himni

Dost saytlar

www.avirtel.az
Texnologiya ilə birlikdə addımlayın. Dial Up, ADSL, Toll Free, Təhlükəsizlik kameraları, Mini ATS   
www.news.qaynar.info 
Milli xəbər portalı
www.kultaz.com 
Azərbaycan mədəniyyət portalı
www.adyazar.az 
Azərbaycanın ədəbiyyat portalı
www.canaz.tv 
Can Azerbaycan Televizionu 
www.serfeli.az
Əyləncə portalı
Dünya Azərbaycanlı Yazarlar Qurumu 
www.ucnoqta.az
Üç nöqtə qəzeti
www.futbol24.com
Canlı futbol!!! 

Yuxu məni gic edib...

Borcunuzu öyrənin!

1. Telefon: ev, iş
2. Elektrik enerjisi
3. Qaz
   

Online

Авиарейсов в Баку:

Find a Flight

Compare Prices Fast
Iglobe.ru

Shakira

shakira

IP adresiniz

ip adresim
Good-bye...