Siddxartxa.
Qatara gecikənlər
İnsan ömrünü mahnılara köçürsək onun başdan-başa arzulardan süzülmüş melodiyalardan ibarət olduğunu görərik. Bir arzu doğulur əvvəlcə, həmin arzu ilə bağlı gözəl gələcəyin xəyalı qurulur. Bu arzudan doğan başqa arzular da gələcəklə bağlı xəyallarda bol-bol canlandırılır. Və bütün arzular bir gün ölür. Həyata keçdi ya keçmədi bütün arzular gücdən düşmüş, unudulmuş, həyat sevgisi əlindən alınmış, ən yoxsul halda dünyalarını dəyişirlər nə vaxtsa.
Hər gözəl arzu insana yaraşır. İnsan arzularının yanında özünü möhtəşəm, yenilməz, sevimli və ideal hiss edir. İnsanı həyata bağlayan, ondakı həyat sevgisinin mənbəyi də arzularda yaşamaq vərdişindən doğur.
Gecikmək - əlində bir çemodan, əynində küləyin oyuncağına çevrilmiş bir plaş, dəmiryolu vağzalında boynu bükük dayanıb, harasa uzaqlara baxan bir adama yaraşır ən çox. Bütün beyni ilə döyüşlərin içinə girən bir adamın, müharibədə alnında vurulduğu ana bənzəyir, gecikdiyini dərk eləməsi. İnsan son anda da olsa ayılır və özünü dərk edir, bütün həyatı boyu olması lazım olan şey olur onunla. Və bu son an bütün əvvəlki anların ən gözəlidir. Nə oldu arzuların yarımçıq qaldı cənab zabit?
Gecikənlər haqqında bir nağıldır bu həyat. Hamı nəyəsə gecikib, hamı nəyinsə yoxsulu, hamının qucaq-qucaq həyata keçməyən ürək döyündürən arzuları.
Sən həmiş hər şeyə vaxtında yetişib öz istədiyin kimi qurubsan həyatının? Yox. Nə qədər sürətli adam olsan, yenə də nəyəsə gecikməlisən. Bu həyatın ağrılı tərəfidir.
Bu qəribə qanunauyunluqdur ki, harasa gecikirsən, biletin yanır və növbəti dəfə sənə yenidən həmin şans verilmir. Növbəti bilet tamamilə başqa bir tamaşaya, başqa bir kinoya, başqa bir qonaqlığa, başqa bir qatara olur. Heraklit doğru deyir ki, axan çaya iki dəfə girə bilməzsiniz, əslində isə mən sizə demək istərdim ki, siz çaya heç bir dəfə də girə bilməzsiniz, axın elə sürətli olur ki. Çünki siz suya girəndə artıq o əvvəlki su olmur o sizdən əvvəl axıb qurtarıb və siz ora girəndə də axıb qurtarır. Siz nə həyatı nə axan suyu öz hərəkətlərinizlə qabaqlaya bilməzsiniz.
Qatara gecikən adam. O necə görünür sizcə? Hündür, arıq, sıx və dağınıq saçlı, cəlbedici, sifətində uşağa məxsus məsum bir ifadə, gözlərində yaşlı adam məxsus ehtiraslar. Qısaca sadə adam.
Yox. Sənə nə olub belə? Hələ durub gecikən adamın xarici görünüşünün müəyyən bir qaydaya uyğun olduğunu təsəvvür edirsən? Gecikən adam – gecikən adamdır onu heç bir qaydaya uyğunlaşdırmaq olmaz. Üzündə toplanmış inciklikdən başqa – onu xarakterizə edən heç nə yoxdur.
Mən onu müdrik davranışlarından tanıdım və onun haqqında nə isə ürəkdən gələn bir şey yazıb, varlığını əbədiləşdirmək istədim. O nə vaxtsa Buddist fəlsəfəsi ilə məşğul olub deyəsən, nə vaxtsa alman filosofu F. Niçşenin azadfikirliliyinə vərdiş edib, əks halda onda bu qədər cəlbedicilik, axıcılıq, vecsizlik ifadəsi hardan idi ki, o mənim diqqətimi çəksin?
Yox mən heç bir vaxt xəyal məhsulu olanlar haqqında yazmamışam o real həyatda mövcuddur və hal-hazırda da bizim aramızda yəni doğma şəhərimiz Bakıda yaşayır. İnanmırsınız? İnanın.
Onunla ilk qarşılaşmağımız belə oldu: Mən təsadüfən dəmir yolu vağzalından keçərkən, artıq yola düşmüş bir qatarın arxasınca var gücü ilə qaçan bir adam mənim diqqətimi çəkdi. O qatarın onsuz getməsiylə barışa bilmirdi eləbil. Adam zəifliyi və bu zəifliyə görə məğlubiyyəti ilə barışa bilmədiyi kimi bir şey idi onun qaçışı.
O qaçdı, qaçdı, qaçdı. Qatara çata bilmədi. Bir az irəlidə dayandı. Həyəcan, peşmanlıq, heysflənmə və qəzəb hissləri eyni zamanda onun çöhrəsində ortaya çıxdı. Hirsli adamlara məxsus bir tərzdə yumruğunu bərk sıxdı, dişlərini qıcadı, başını yellədi. Bir müddət yerindəcə dayanıb nəyisə uzun-uzun düşündü, sonra yerində gəzinməyə başladı. O özünə yer tapa bilmirdi, çox gərginləşmişdi, acıqlıydı. Mən onu xeyli müşahidə etdim, bircə an da gözümü ondan ayırmadım. Bir azdan onun bədəni tam boşaldı, əlləri yumruq vəziyyətindən çıxdı. O, taleyilə barışmış bir sifət ifadəsilə gəlib, çox da hündür olmayan bir divarın dibində aşağı çömələrək, belini divara söykədi. Barmaqlarının ucunu alnının qarşısında birləşdirib, gözlərini yumdu, asta-asta nəfəs alıb nə isə düşünməyə başladı. Məni çox maraqlandırırdı, görəsən indi o nə haqqında düşünür? Astaca ona yaxınlaşıb yanındaca oturdum və sakit səslə soruşdum:
- Siz qatara gecikibsiniz?
O üzümə baxmadan, hiss olunmayacaq dərəcədə zəif bir baş hərəkətiylə dediyimi təsdiqlədi.
- Elə isə siz bir taksiyə minib növbəti qatar stansiyasında qatara çata bilərsiniz.
O xeyli susandan sonra cavab verdi: Çata bilmərəm. Bu mümkün deyil. İndi çatmalıyıdım sonra mənası yoxdur.
- Aaa başa düşdüm onda siz kimisə yola salmağa gəlmişdiniz, son dəfə onunla vidalaşmaq istəyirdiniz hə?
Xeyli uzun müddət ondan cavab gəlmədi. Mən yenidən sözə başlayıb öz dediklərimi təsdiqlədim:
- Hə deməli siz vidalaşmağa çatmadınız, yoxsa qatara başqa stansiyadan da minə bilərdiniz. Düz tapmışam hə?
O əlini üzündən çəkib, üzünü bir an içərisində mənə tərəf çevirdi və dilləndi:
- İnnən belə nə fərqi var ki mən artıq qatara gecikmişəm.
- Və sizin fikrinizcə bununla hər şey bitir? - deyə mən o andaca yeni bir sual verdim.
- Hər şeyin öz anı var, vidalaşmağın da, qatara minməyin də. Əgər mən növbəti stansiyada qatara minsəm ya orada vidalaşmağa getsəm, onda bu həqiqi olmayacaq, onda bu nə isə süni bir şey olacaq. Hər şey öz anında edilən vaxt gözəldir, həqiqidir. Başqa anların isə görüləsi öz işləri olur.
- Amma heç kim sizin dediyiniz kimi yaşamır. İnsan hər yerə vaxtında çata bilməz ki. Bəzi şeyləri məcburi olaraq gələcəyə saxlamaq olar.
- Bilirsiz biz hər şeyi gələcəyə saxlaya bilirik, bu bizim üçün bir vərdişdir. Bu təbiidir. Amma mənim sənə məsləhətim budur dostum - sən o vərdişi tərgit. Mən çoxdan tərgitmişəm.
Bütün insanlar öz xəyallarında, ya keçmişdə ya gələcəkdə yaşayırlar. Heç kim
indi və burada yaşamağın gözəlliyini dərk eləmir.
Qatara gecikdinsə, onda minmə, təəssüflən amma qatara minməyi gələcəyə saxlama.
O sözlərini bitirən kimi ayağa qalxdı və sürətlə məndən uzaqlaşmağa başladı. Onun sifətindəki, səsindəki əyləncəli müdriklik və yaxınlıq hissi mənə xeyli müddət şok vəziyyətindən çıxmağa imkan vermədi. Sözləri beynimdə sanki böyük bir inqilaba başladı. Ayıqlıq inqilabı idi bu.
Ayağa durub, qeyri-ixtiyari olaraq həmin adamın arxasınca qaçdım, metronun girişində uzaqdan onun buruq, gur saçlarını görüb izdihamı yararaq ona yaxınlaşdım.
- Bağışlayın sizin sözləriniz mənə çox dərin psixoloji təsir göstərdi. Mən də fəlsəfə ilə maraqlanıram amma sizin danışdıqlarınıza heç vaxt rast gəlməmişəm. Siz ixisaca kimsiniz ki?
O məndən boyca xeyli hündür və sifətcə məndən olduqca çox ciddi idi. Onun yanı ilə yeriyərkən, o boynunu nəzakətlə mənə tərəf əyib, elə ciddi bir tərzdə qulaq asırdı ki sanki, mühüm bir siyasi görüşdədir.
Ertəsi gün onunla onun şəxsi emalatxanasında görüşdük. O heykəltaraş və rəssam idi. Az danşır, çox seyr edir və heç düşünmürdü. O hər an meditasiya vəziyyətində idi, özünü bir an da olsun unutmurdu, olduqca ayıq insan idi. Onun ayıqlığı məni heyran etmişdi.
O danışmağa başlayanda dərin nəfəs alırdı. Hər cümləsini uzun-uzun düşünür və danışan vaxtı başqa heç bir iş görmürdü. Ümumiyyətlə onu xeyli müşahidə edəndən sonra anladım ki o heç vaxt iki işi eyni zamanda görmürdü. Onun özünə qarşı necə belə hissiyyatlı ola bildiyini öyrənmək üçün sual verdim:
- Cənab rəssam siz belə ayıqsınız, özünüzü və ətraf-aləmi belə dərindən hiss edirsiniz bəs niyə qatara gecikənlər sırasındasınız? Siz çox həyat qatarınıza gecikibsiniz?
- Bizim dünyamız qatara gecikənlərin dünyasıdır. Hamı hansısa həyat qatarına gecikib amma hələ də gecikdiyi həmin həyat stansiyasındaca o qatarı gözləyir. Mənim yeganə üstünlüyüm ondadır ki həmişə gecikdiyimi dərk edirəm və daha çox gözləmirəm orada. Qalan bütün insanlar isə həmişə gecikdiklərindən xəbərsiz yaşayırlar.
- Deməli siz artıq özünüzü tapıbsınız? Bu necə də böyük xoşbəxtlik verir insana. Danışın görək bu necə oldu?
- Neçə ki insan axtarır o azad deyil. Onun bütün fikri həmişə axtardığı şeyin üzərində toplanıb. O heç cür axtardığından kənara çıxa bilmir. Axtarmaq - məqsədi olmaq deməkdir. Tapmaq isə - azad olmaq və daha heç bir məqsəd sahibi olmamaq deməkdir. Mən hələ də özümü axtarıram. Ona görədir ki gözümün qabağında olanları hələ də görməkdə çətinlik çəkirəm. Çünki, hələ də fikrim məqsədimin üzərində toplanıb. Mənim axtarışım heç bitməyəcək kimi görünür.
- Bəs bu ayıqlıq haradan gəlib?
- LSD - mənim problemli uşağım. Sən LSD - yə sadəcə narkotika de. Amma mən onu yalançı da olsa bütün şüurluluğumun mənbəyi hesab edirəm. O olmayanda təəssüf ki, mənim özümü dərk etmə səviyyəm hamınınkı ilə eyni səviyyədə olur.
LSD rəhmlidir insana qarşı. İllərlə istifadə etsən də, heç vaxt fiziki asılılıq yaratmaz. Dozasını isə minlərcə dəfə artırsan da, yenə də həmin effekti alacaqsan. Yəni doza asılılığı da yoxdur.
- Onsuz olmur? Bütün yaradıcı adamlar nə isə bir uyuşdurucu vasitədən istifadə edərək yaradalar gərək?
- Yaradıcı adamlar yaratdıqca özlərini bir qələm kimi qəddəyib kiçildirlər. Onları adi insan aləmi vasitəsilə isə bərpa etmək mümkün deyil. Qoy bu LSD mənim özümdən, əzablarımdan, ağrılarımdan qaçışım olsun amma, onsuz mən əzab çəkən amma əzablarını dərk etməyən bir soxulcan kimi yaşayaram.
Kim daha çox əzab çəkir
Sadə adamın yaradıcılığının əksər hissəsi qadın şəkilləri və heykəllərindən ibarət idi. Amma, Salvador Dalinin yaradıcılığından fərqli olaraq, onunkular sırf cinsi həzzin nəticəsi deyildi. O şəhvani həyatın təmsilçisi deyildi, çünki heç vaxt qadınlarla bağlı hisslərini boğmamışdı. Rahib həyatı yaşamırdı. Ona görə də onun şüuraltında minlərlə ton qadın əlçatmazlığından, cinsi ehtiraslarından, asılılıq və alçaqlaşdıran bağlılıqlarından ibarət zir-zibil yox idi. O bütün kişilər kimi qadınlara sahib olmaq, əldə etmək bu yolla onları az da olsa özünə tabe etmək, alçaltmaq, öz gözündə gücsüzləşdirmək kimi şizofrenik ideyalarla yaşamırdı. Dedim axı o olduqca ayıq adam idi. Özünü, bütün axmaq duyğu və fikirlərini dərk etmiş adam necə hələ də hamı kimi yaşasın?
Ona cənab LSD demək xoşuma gəlirdi. O isə özünü Budda, çox vaxt da Siddxartxa adlandırırdı. Siddxartxa Buddanın əsl adıdır. Budda – isə qədim hind dilində ayılmış deməkdir.
Onun yaratdığı bütün qadınlar kədərli, gözü yaşlı, bezikmiş, incidilmiş, qorxmuş qadın obrazları idi. Qəribədir onun emalatxanasında bir dənə də baxıb həzz alınacaq qadın obrazı tapmaq olmurdu. Özü isə bunu belə izah etdi.
- Həyat - mənim dostum - heç vaxt qadının üzünə gülməz. Bədbəxtlik qadınların normal vəziyyətidir sadəcə başqa cür daxili görünüşü olan qadın mövcud deyil. Mən həyatı dərk etdiyim gündən bəri qadınları minilliyin hansısa naməlum matəmini saxlayan vəziyyətdə görmüşəm. Onların gülüşü ancaq kişilər həzz verdiyi üçün bu günə qədər mövcud ola bilib. Bütün dinlərin peyğəmbərləri iddia edir ki qadınla şeytan kainat yaranandan əməkdaşlıqdadırlar.
- Onların heç bir günahları olmasa onlar heç vaxt belə günahkar varlıqlar hesab edilməzdilər.
- Günahları gözəl və incə olmaqlarındadır. Kişilər onların incə ruhalarını, gözəlliklərini əldə edəcək bir gücə sahib olmadıqları üçün onları elə günaha batırıb. Ondadır bəlkə - kişilər qadınların daxilindəki nə isə izah edilməz ruhi cazibəyə yox sadəcə onların fiziki görünüşlərinə vurulurlar. Qadınlar isə əksinə görünüşə yox, kişinin ruhi aləmindəki izahedilməz qüvvəyə - karizmatikliyə aşiq olurlar. Bəs niyə deyirlər ki qadın sevgisi o qədər dərin və sonsuzdur ki heç bir kişi elə bir sevgini yaşayacaq qüvvəyə malik ola bilməz. Sadəcə gücləri çatmaz.
- Feminist kişi olmaq üçün çoxlu səbəbiniz olmalıdır.
O əlindəki heykəl yonmaq üçün lazım olan isgənəni kənara qoyub, divarın dibində qırıq döşəmə taxtasının üstündəcə yerə oturdu. Bir əlindəki iş əlcəyini, çıxarıb o biri əlinə aldı. Yetim uşaqlar kimi boynunu əyib, hansısa kədərli xatirəsini düşündü, gözləri doldu. Belə hissiyyatlı uşaq da olmaz heç. O gücsüz və ağrılı insan sifəti ilə susub, pəncərədən bayıra baxır, başını yelləyib hansısa xatirəsində yaşamağa getdi.
Gözünü bayırdakı ağacın naməlum yarpağından ayırmadan kövrək səslə dilləndi.
- Xaiş edirəm mənə keçmiş haqqında heç nə xatırlatmayın. Mənim üçün nə keçmiş, nə gələcək var. Mən sadəcə ağ buludlar kimi küləyin hökmündəyəm.
- Siz nə vaxtsa hansısa qadını sevibsiniz və sizdə alınmayıb hə? Ona görəmi belə kövrəldiniz?
O daha da kövrəldi.
- Mən sizinlə danışanda nə qadın nə kişi kimi danışmıram. Mən milyonlarca dəfə doğulub – ölmüş, ayrı-ayrı bədənlərdə yaşamış bir ruhun daşıyıcısıyam sadəcə. Həm kişi, həm də qadın kimi doğulmuşam mən dəfələrlə. Mən ağ buludam bunu anlamadın?
Sonra o özünə gəlib nikbin bir səslə söhbətə davam etdi.
- Sənin xətrini qırmaram bilirsən. Sevdiyim adam haqqında danışmaram amma həyatda ən çox acıdığım qadınlardan biri haqqında danışaram.
- Bəs sevdiyin adam necə oldu? Sadəcə necə ayrıldınız və niyə belə dərdlisən hə?
- Kim daha çox əzab çəkir ayrılanda? Bunu bilirdin?
- Yox.
- Şəxsi zəmində anlaşılmazlıq və qarşıdurma, ayrılıqdan sonra qadın çox əzab çəkir ki qarşıdakı kişininin qəlbini bərk qırıb və o buna layiq deyildi. Və eyni zamanda qarşıdakı kişi də bir fikirlə daha da əzab çəkir ki, qadına kifayət qədər əzab verə bilməyib və indi o qadın daha çox çəkməliydi, nəinki kişi.
- Bu cavab deyildi amma nə isə.
Unudulacaq
Bizim şəhərdə hamı mütamadi olaraq harasa tələsir. Tələsmək cəmiyyətin yaşamaq stilinə çevrilib. Avobuslar günün hər vaxtı tələsən və tələsməyinin səbəbinindən zərrəcə də xəbəri olmayan insanlarla dolu olur.
Bir dəfə sadə insanın həyatında belə bir maraqlı hadisə baş vermişdi. O avtobusla harayasa gedirdi və ayaqüstə dayanıb bir yandan avtobus tərpəndikcə öz müvazinətini saxlayır bir yandan da avtobusun pəncərsindən bayıra baxıb hansısa naməlum aləmlər haqqında düşünürdü. Birdən gözü düz qarşısında oturmuş elə də cavan olmayan bir qadına sataşdı. Qadın nə isə dərin tərəddüd və həyəcan içində idi. Eləbil indicə vacib bir qərar verməlidir və bu vacib qərarın necə olacağını heç cürə müəyyənləşdirə bilmir. Qadının əlində telefon var idi o gah pəncərədən ətrafa nəzər yetirir gah da telefonda həyəcanla nə isə yazırdı. Onun qorxduğu ən birinci dodaqlarının əsməsindən məlum olurdu. Sadə insan onun başının üstündə ayaqüstə dayanmışdı ona görə də başını əyib qadının əlindəki telefonun ekranına baxdı. Telefonun ekranında yarımçıq mesajdan cəmi bir neçə sətir oxunurdu.
“Mən həmişə səni sevmişəm və sevəcəm. Düzdür indi başqası ilə yaşayıram amma hələ də səni unuda bimirəm, düzdür sən məni unutsan da məni heç yada salmasan da mən səni unuda bilmirəm. Xaiş edirəm mənə də unutmağı öyrət.. . . . . Həmişə səni gözləyəcəm”
Artıq xeyli yaşı olan bir xanımın sevgi macəraləarı yaşamaq vaxtıdırmı? Sussssssss.. . Heç nə cavab vermə. Sən heç nəyi dügün bilmirsən. Sevməyin vaxtı olmur. İnsana imkan vermək lazımdır ki o həyatının hər dövründə yenidən və yenidən vurulsun, sevsin. Bizim dövrümüzdəki insanlar cəmi bircə dəfə lap çoxu iki dəfə vurula bilirlər o da gənclik çağında. Çünki cəmiyyət 30 yaşdan sonra heç kimin dəlilər kimi vurulub sevməyini qəbul edə bilmir.
Qadın nə edəcəyini bilmirdi əgər avtobusda heç kim olmasaydı çəkinmədən ağlayıb ürəyini boşalda bilərdi. O mesajını yazandan dərhal sonra inciklik dolu hərəkətləriylə, bircə nəfəsə mesajı göndərəcəyi nömrəni yazdı və “Göndər” düyməsini basmaq istətədi. Gözləmədiyi halda bir əl onun biləyindən tutub yavaşca kənara çəkdi. Bu elə yumuşaq və cəld tərzdə edildi ki qadın nə baş verdiyini anlamadan başını yuxarı qaldırıb əlin sahibinə baxdı. Bu mübarək əlin sahibi bizim sadə adamımız idi. O qadının sual dolu baxışlarını yaranmasını gözləmədən sakit səslə dilləndi.
- Göndərməyin. Siz həyatınızın səhfini edirsiniz. Bunu etməyin. Bunun sizə heç bir xeyri olmayacaq. Hər şey daha da pisləşəcək.
Qadının əli bir anda boşaldı telefonunun üzünə baxmadan çantasına qoydu. Xeyli müddət yerə baxıb düşündü. İtaətkar tərzdə başını yuxarı qaldırıb soruşdu:
- Bəs mən neynəyim?
- Unutmaq ən yaxşısıdır.
- Unuda bilmirəm alınmır məndə.
- Əvvəl bir az əziyyət çəkəcəksiniz bu normaldır sonra iradəniz möhkəmləncək. Sizə əzab verən şeylər eyni zamanda sizi gücləndiriən şeylərdir bunu unutmayın.
- Hə deyəsən unutmaq ən yaxşısıdır.
Avtobus bir parkın yaxınlığından keçəndə qadın ayağa qalxıb düşməyə hazırlaşırdı ki sadə adam onun arxasınca gəlib: Gəlin birlikdə düşək bir az söhbət edərik dedi. Əgər etiraz etmirsinizsə.
Beləcə onların ilkin tanışlığı baş verdi lakin, qısa vaxtda onların ürəkləri bir-birinə o qədər yaxınlaşdı ki sanki illərdir bir-birlərini tanıyırlar. Gizlədəcək heç nəyləri yox idi.
İki adamın yaxınlığı çox vaxt çirkin bir şeyə çevrilir sonradan. Neçə ki onlar yaxınlaşmayıblar, onların daxili gözəllikləri dərinliklərdə əl dəyməmiş qalır. Elə ki hər ikisi qaranlıq dərinliklərini açıb bir-birilərinə göstərəcək qədər cəsarətli ola bilirlər, o andan başlayaraq hər ikisi nə isə dəyərli, həssas şeylərini istifadə edib kirlədirlər. Artıq qarşıdakına sirli olmayan bir könül öz əlçatmazlığının tam istismar olunub bitirilməsi ilə qarşılaşır.
Qadın elə söhbətin başlanğıcındaca etiraf etdi ki artıq 16 yaşından bəri əxlaqsızlıqla məşğul olur. Və axrıncı dəfə işlədiyi əxlaqsızlıq yuvasının yerini də dedi və əlavə etdi ki artıq iki ilə yaxındır ki öz peşəsi üzrə işləmir. Onu buna məcbur da etmirlər çünki artıq xeyli yaşlanıb.
- Bilirsiniz mən də insanam, qadınam hisslərim də hamınınkı kimidir. Amma məni heç kim özüm kimi qəbul etməz artıq. Mən heç vaxt bu insanların arasında rahat yaşaya bilmərəm. Gərək bütün kişilər bu dünyadan yoxa çıxsın ki mənə də insan kimi yanaşmağa başlasınlar - deyə qadın bezmiş tərzdə gözlərindən axan isti göz yaşlarını astaca sildi.
- Hmmm. Bəlkə sözlərimi sizi rahatlatmaq üçün dediyimi düşünəcəksiniz amma bu dünyada bütün əxlaqsızlıqların mənbəyi kişilərdən gəlir. Hər bir kişini öz arvadından daha çox başqa qadınlar maraqlandırır. Çünki özünə məxsus olan şey əvvəllər onun üçün naməlum sahəydi və o buna görə evlənir o sahəni tamamilə yiyələnir daha həmin sahə onun üçün maraqsızdır. İndi o yeni – yeni naməlum könülləri mənimsəmək üçün çalışacaqdır.
- Doğrudur onlar sadəcə özününküləşdirdiyi qadından başqa əlavə qadınları da əyləncə aləmlərinə əlavə etmək istəyirlər.
- Bəs sizin sevgi hekayəniz necə baş vermişdir? Heç çəkinmədən mənimlə bölüşün xaiş edirəm.
- Hə bu günki mesajımı nəzərdə tutrsunuz yəqin. Mesaj yazdığım adam mənimlə evlənəcəyinə, birilikdə yaşayacağına söz vermişdi. O məni sevdiyini deyirdi o qədər sözlər vermişdi ki mənə.
- İnsan sevəndə min-bir cür söz verə bilər amma o verilən sözlər heç də yalan deyil onlar sadəcə həmin an üçün deyilmişdir. Sevənlər bir-birinə deyəndə ki: Mən sənsiz yaşaya bilmirəm - onlar aldatmırlar, onlar doğru deyirlər. Sadəcə həyatın qaydaları onlara hələ məlum deyil. Sabah sevgi sözləri deyilən qadın bu günki kimi gözəl görünməyə bilər. Vaxt keçər qadın da kişi də anlayarlar ki onlar bir-birlərindən artıq çox uzaqdadırlar.
- Onun o qədər belə vədləri olmuşdu ki mən onların bir çoxunu heç vaxt unuda bilmərəm. Necə unudum ki o yalan vədləri indi?
- İnsan nə qədər çox vəd versə sonra o vədləri yerinə yetirməyə o qədər az gücü qalacaq. Vəd verilən şeylər isə ancaq maddi şeylər olsa onun gələcəkdə yerinə yetiriləcəyinə inana bilərsən. Duyğuları vəd vermək olmaz. Çün ki duyğular daim dəyişir və insan heç vaxt duyğularına tam sahib olub onları idarə etmək qabiliyyətində deyil.
- Mən indi neynəyim ki onu unudum. Siz sadəcə mənə kömək edin. Mənim üçün yaşamaq çox çətindir.
- Sevilən şeyi unutmaq üçün ona sevildiyi miqdarda nifrət etmək lazımdır. Unutmaq ona görə sizə çətin gəlir ki siz əzab çəkməyə vərdiş etməyibsiniz hələ. Yaşamağı öyrədən müəllimə müraciət edin. Həyat insana yaşamağı əzablar vasitəsilə öyrədir. İnsan əzab çəkməyi hər şeydən əvvəl öyrənməli və hər şeydən çox əzabların varlığına vərdiş etməldir. Bütün əzabları olduğu kimi qəbul etmək və onları eləliyi ilə çəkmək həmişə əzabları yüngülləşdirir. Əzab çəkərkən özünü bütün kənar dəstəklərdən, köməklərdən məhrm edib mümkün olduqca çox əzablarınla üz-üzə dayanmağı öyrənmək lazımdır.
- Mən öyrənməkdə gecikmişəm. Bu mənim zəyifliyimdir.
- Bilirsiniz düzünü desəm siz də qatara gecikibsiniz. Həm də olduqca çox.
- Nə qatarına ki?
- Həyat qatarına.
Bu da mən, yoruldum əllərindən
- Cənab LSD mən keçmişdə də yaşayıram gələcəkdə də tez-tez oluram. Mənim yolum Buddaların yolu deyil.
Əzab çəkməkmi deyirsən? Uuuuu kifayət qədər təcrübəm var. Amma onlarla heç vaxt üz-üzə durmaq cəsarətində deyiləm. Siz sadəcə mənim bədbəxt qadınlar izdihamından olan iki xatirəmi dinləyin. Onlar da sizin qadınlarınızdandır təəssüf ki xoşbəxt deyillər onlar da.
- Balım üz, üz, üz, baş vur dənizə üz. Nə qədər istəyirsən üz heç nə ötəri deyil, sən onları ötəri görməsən ancaq. Üz. Bu dünyada heç vaxt məhv olmayan və yaranmayan şeyi axtar. O sən doğulmazdan əvvəl də səndə var idi, sən öləndən sonra da qalacaq. Dünya hər an kamilləşir? Yox o həmişə ən kamil vəziyyətində olub.
Sükut qülləsi
Hər gün evə qayıdanda avtobus bir dayanacağa qədər gətirir məni. Uzun küçəmizin başında düşürdür. Yolun qalan hissəsinə piyada davam edirəm.
İndiyədək tez-tez yeridiyimi deməyiblər amma, yeriyərkən çox fikirli olduğumu deyiblər.
Ətrafda baş verən heç nə mənə aid deyil. Qarşılaşdığım şeylərdən heç biri məndə nə isə hiss yaratmır. Sadəcə mülayim addımlarla yoluma davam edirəm.
Bir an özümdə güc tapıb düşünə bilirəm: axı, bu mənim doğma küçəmdir. Burdan hər dəfə keçəndə bunu nə qədər də yadırğaya bilmişəm.
Azca irəlidə uşaqlıq dostum Asifgilin evləri yerləşir. İndi onlar daha çoxdandır burada yaşamır. Amma, bugünkü kimi yadımdadır onunla burada şar uçurtduğumuz, top oynadığımız, oyuncaq tapançalarla bir-birimizi vurduğumuz, hamısı yadımdadır. Onların məhəllələrindən sonra gələn məhəllə məktəb illərində sevdiyim qızın yaşadığı məhəllədir. Yadımda ən aydın qalan odur ki, o ad günündə ona verdiyim gülün səkkiz ləçəyini qoparıb dürdünü özünə götürmüşdü, dördünü isə mənə vermişdi. Və demişdi ki, hər il avqust ayının on dördündə, mənim ad günümdə bu güldən birini götürüb gələrsən, gəlməzdən əvvəl zəng edərsən evimizə mən çıxıb o gülü səndən alacam.
Onun haqqında axrıncı eşitdiyim o oldu ki, o evlənib, bilmirəm hansısa rayona ərə gedib. Onda mən onuncu ya onbirinci sinifdə oxuyurdum. Daha bir müddət dostum onun haqında xəbərlər gətirdi, sonra dostum köçüb getdi, xəbərlər kəsildi.
Eh hamsının başını buraxmışam. Əgər sən nəyisə və ya kimisə sevirsənsə burax getsin. O sənindirsə qayıdacaq. Səni deyilsə, özün bilirsən etməli bir şey yoxdur.
Ona verdiyim güldən daha heç yerdə görmürəm. Gülün adını da bilmirəm ki, gül mağazasından soruşum. Avqustun on dördü, yəni onun ad günü də yadıma düşmür heç.
Yoluma davam edərkən düşünürəm. Özümü həssas qəlbli adlandırarkən nə qədər də yanılırammış. Məgər, həssas qəlbi olan kəs bu qədər unutqan olarmı?
Cəmi beş addımdan sonra bizim məktəb çıxır qarşıma. Əvvəl belə deyildi bir az uçuq-sökük idi. İndi tamam başqadır. Həm o mənə, həm əmn ona yadam. Ancaq, arxa tərəfindəki boş çəmənlik əvvəlki kimi qalıb. Uşaq vaxtı orada məni nə qədər döyüblər. Mən özüm isə şəxsən heç kimi döyməmişəm indiyədək.
Məktəbə şagird kimi yazılan gün indi dəqiq yadımdadır. Cəmi 6 yaşım var idi, məktəbin direktoru üzümə baxıb dedi: Gözü çox dərindir, həm də parıldayır, məncə böyük gələcəyi var.
Yolun o biri tərəfindəki də mənim uşaqlıqda getdiyim uşaq baxçasıdır. Oradakı bütün müəllimələr məni çoxlu şer bilən bir uşaq kimi tanıyırdılar. Müdirəmiz olan kök qadın hər gün məni yanına çağırıb bir şer dedirdərdi.
Bu da evimiz. Heç ağlıma sığmır ki, həyatımın əksər hissəsi bu küçədə keçib. Bütün xatirələrim bu küçədə yaşanıb. Bütün bəyəndiyim qızlar bu küçədə qarşıma çıxıb. Bütün dostlarım da burdan keçib, gedib həyatımdan.
Bir sözlə hər şey unudulandır.
Otağımda oturub sakitcə evimizlə üzbəüz yerləşən onkoloji xəstəxananın pəncərələrinə baxıram. Gün boyu fərqli heç nə olmur.
Təklik haqqında düşünürəm. Belə qərar çıxarıram ki, mənim bütün bədbəxtliklərim təkliyə alışa bilməməyimdən irəli gəlir. Həmişə təkliyə alışmaq lazım idi.
Əslində hamı və ya hər şey bu dünyada tək yaşayır, tamam təklikdə də ölür. Qarşılaşırlar, tanış olurlar, dostlaşırlar, evlənirlər sonra da təklikdə ölürlər. İndi onuun görünməməyinə baxmayın, təklik hər gün var idi və sabah da davam edəcək.
Tanış olduğum bütün qocalar mənə öz xoşbəxt cavanlıqlarından danışırlar. Söhbətləri uzanıb gedir. Ərlərindən, arvadlarından, övladlarından, ailə dostlarından, dərdsiz zamanlarından söhbət açırlar, sonra da dərin bir ah çəkirlər. Bəli söhbət bu günlərinin üzərində gəlib dayanır. Hər kəs tərəfindən unudulublar, atılıblar, heç kim onları xatırlamır. Nə vaxtsa aktual mövzu olublar, ulduz olublarsa da indi sönüblər, yaddan çıxıblar. Axı onları xatırladacaq adamların da çoxu indi artıq ya ölüb, ya da qocalıb tək qalıb.
123 nömrəli avtobusda təsadüfən tanış olduğum bir qoca qadın məndən xahiş etdi ki, ona evlərinə qədər getməkdə kömək edim, çünki ayaqları artıq tutulmaq üzrəydi və çətinliklə yeriyə bilirdi. Bir yerdə olduğumuz yarım saat ərzində o xoşbəxt keçmişindən danışdı, cavanlığındakı gözəlliyindən, bu gözəlliyinə görə başına gələn bəlalardan, həvəslə böyütdüb, ən yaxşı yerlərə gətirdiyi qızlarından, oğlanlarından da söhbət açdı. Mən dəqiq bilidim ki, o mütləq indiki tənha və bədbəxt həyatından da danışacaq. Elə də oldu. Təkliyindən ürək ağrısıyla danışdı. Bütün həyatı boyu ona əzab verib dünyadan köçən ərinin gobudluğundan, indi onu tənha qoyub gedən övladlarının vəfasızlığından da bol-bol danışdı. O qədər dərdləri var idi ki danışdı-danışdı. Mən də qulaq asdım.
Düz dördüncü mərtəbədəki evinin qapısına gəlib çatanda qəribə bir sirr açdı mənə.
Utana-utana dedi: Bilirsən nəyə görə bayaq məhs səni saxladım yolundan mənə kömək etmək üçün?
Nəyə görə.
Çünki sən mənim hələ lap gənc qız olanda sevdiyim oğlana bənzəyirsən. Onda o da mən də Bakıda Tibb Universitetində oxuyurduq. O da sənin kimi əlini belinə qoyub hər gün universtetin qabağında məni gözləyərdi və mənə eynilə sənin kimi çəpəki baxışlarla baxardı.
Sonrada əlavə etdi: Birdə ki, o məni sevirdi mən onu sevmirdim. Daha doğrusu, ona sevdiyimi deməmişdim. O vaxt qızların belə deməsi ayıb idi. Biz heç onunla danışmamışdıq da. Sadəcə bilirdim ki məni sevir. Mənim rəfiqələrimə demişdi bunu.
İndi səni görəndə birdən –birə çox tanış gəldi sifətin. Dərhal başa düşdüm ki, sən osan. Onun cavan forması yəni.
Ayrılanda 82 yaşlı həmin tənha qadın ev nömrəsini də verdi.
Bax mütləq zəng elə haa.. . Gözləyəcəm.. .
Onun haqqında düşündüm. Mən sənə yadam. Məndən özünə necə doğma adam düzəldəcəksən? Onsuz da yenə də tənha qalacaqsan. Niyə barışmırsan ki tənhalığınla?
Otağımda gün boyu görəcək elə bir işim olmur. Vaxtı ötürmək üçün hər cür fəaliyyətlərdən bezəndə, otağın bir küncündə çöməlib, belimi divara söykəyib gözləyirəm. Bu zaman əslində heç kim və heç nəyin gələcəyini gözləmirəm. Siz soruşun tənha adamlardan onlar bunu nə üçün etdiklərini başa sala bilərlər bəlkə.
Göyə baxma, səssizliyə qulaq asma, vaxt haqqında düşünmə və əgər saatın çıqqıltısını eşidə bilirsənsə deməli artıq tənhalığa alışmağa başlayırsan. Çünki əsl tənhalıq saatın çıqqıltısını eşidə biləndə gəlir. Əgər, pəncərəndən çöldə yarpaqlar tökülürsə, gah yağış gah qar yağır, gah da gün çıxırsa, fəsillər sürətlə bir-birini əvəz edirsə deməli sən artıq tamamilə öz təkliyinlə barışa bilibsən, onun varlığın alışıbsan.
Səni tənha qoyduqlarına görə adamlardan incimək və ya onlara qarğış tökmək lazım deyil. Onlar səni həyatının ən böyük həqiqəti ilə üz-üzə oturdublar, səni həyata uyğunlaşdırırlar. Çünki, bu həyatın böyük bir hissəsi tənhalıqdan ibarətdir.
Bəzi axşamlar adam yatağa girəndə yatağının buz kimi olduğunu görür, uzun müddət bu soyuğa alışa bilmir. Bu da tənhalıqdandır. Əgər adam üşüyürsə bu xarici aləmdəki mənfi temperaturdan deyil. Daxili soyuqluq üşüməyə səbəb olur. Tənhalıq – daxili soyuqluqdur şübhəsiz ki.
Tənhalıq sıxışdırır. O kədərlə bürünüb və insanda maraq yaxud simpatiya yarada bilmir. İnsan tənhalığından utanır. Amma, elə ya belə o hamının qismətində var.
Adam tənhadırsa ağlamaq istəmir, gülməyə də bir şey yoxdur. Ən əsası xatırlamaq da istəmir. Çünki xatırlasa mütləq ağlamağa ya da gülməyə bir şey tapacaq.
Tənha adam duyğusuz, arzusuz və küskündür. Daxilində özünün özü ilə olan dialoqları bəzən bir neçə gün tamamilə dayanır. Bunun üçün də unutmağa və bağışlamağa meyllidir.
Dünyada tənhalıqla müqaisə olunacaq dəhşətli əzab yoxdur. Mən ona ancaq bir don geyindirə bilərəm - əbədi matəm.
Deyilənə görə Azərbaycanın min illik atəşpərəstlik dövründə ölən adamı torpaqda dəfn etmək din xadimləri tərəfindən böyük günah sayılırdı. Atəşpərəstlər suyu, odu, torpağı müqəddəs hesab edirdilər. Hər cansız cəsəd murdar hesab olunurdu. Ölmüş adamı suyla yumaq, odda yandırmaq ya da torpağa basdırmaq dini baxışlara görə qadağan idi.
Ölülər üçün onlar hündür qalalar və ya qüllələr tikirdilər. Yenicə ölmüş adamın cəsədini qüllənin lap başına çıxardırdılar ki ölü vücudu quşlar parçalasın. Atəşpərəstlik dininin qaydalarına görə ölmüş adam üçün ağlamaq günah hesab olunurdu. Çünki o, o biri dünyaya getmiş, allaha qovuşmuş və uca həqiqəti tapmışdı. Belə halda matəm üçün mərhumun yaxınları onun cəsədi qoyulmuş qüllənin içinə girib orada saatlarla tənha və səssiz otururdular. Bu yolla əzizlərinin yasını saxlayırdılar. Buna görə də qədimdə həmin qülləni “ sükut qülləsi ” adlandırırdılar.
Təklik təkcə allaha məxsusdur amma allah həmişə öz təkliyindən bəndələrinə də pay verir. Xüsusilə onları öz yanına aparmaq vaxtı yaxınlaşanda öz təkliyini tamamilə onlarla bölüşür.








Azad insan, sən hər zaman dənizi sevəcəksən
O, çox gec anladı ki, Həyat – Sadəcə və sadəcə Kanalizasiya xəttiymiş…


